Muğam festivalı çərçivəsində beynəlxalq elmi simpozium
Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumun açılışı oldu. Simpozium Heydər Əliyev Fondu, AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə ölkəmizlə yanaşı, Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş mütəxəssislər iştirak edir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək muğam festivalının əhəmiyyətindən danışdı. Bildirdi ki, beşinci dəfə keçirilən beynəlxalq festival ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdəndir. Əsrlər boyu nəsildən-nəslə keçən muğam sənəti bu gün Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində muğam sənətinə olan diqqət və qayğı bu sahənin elmi və ifaçılıq tərəfdən araşdırılmasına geniş imkanlar yaradır.
Qeyd olundu ki, hazırda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsində bu sənətin elmi tərəfləri araşdırılır. Bu tədqiqatların nəticəsi olaraq “Azərbaycan muğamşünaslığı: problemlər və perspektivlər” toplusu nəşr edilib. Akif Əlizadə toplunun hazırlanmasında ölkədə muğam üzrə tədqiqatlara və nəşrlərə rəhbərlik edən Heydər Əliyev Fondunun rolunu xüsusi diqqətə çatdırdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festival iştirakçılarını salamlayaraq bir həftə davam edəcək tədbirə uğurlar arzuladı, festivalın əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, muğam xalqımızın milli mədəni zənginliyini gələcəyə aparan simvollardan biridir. Eyni zamanda muğam sənəti Azərbaycanla dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Bildirildi ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil edilib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğam sənətinə göstərdiyi diqqət və qayğı nəticəsində muğamın ayrılmaz hissəsi olan milli tar və kamança ifaçılığı sənətimiz də UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Bu gün muğamla birlikdə Azərbaycan musiqisinin opera, müasir-klassik caz və digər sahələri də inkişaf edir. Muğam isə ayrı bir aləmdir, onu qorumaq hamımızın borcudur. Bu irsi inkişaf etdirməli, dərindən araşdıraraq, tədris edərək gələcək nəsillərə çatdırmalıyıq. Bu məqsədlə mütəmadi olaraq respublikada muğam müsabiqələri keçirilir, musiqi məktəblərində tar, kamança, xanəndəlik fənləri tədris edilir”.
Əbülfəs Qarayev bildirdi ki, artıq ənənə halını almış “Muğam aləmi” beynəlxalq festivalı qədim və zəngin muğam sənətimizin təbliğinə, Azərbaycan musiqisinin dünyaya çatdırılmasına, həmçinin qarşılıqlı mübadiləyə xidmət edir. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan festival müxtəlif ölkələrdən musiqiçiləri, mütəxəssisləri, muğamla məşğul olan elm adamlarını bir araya gətirir: “Muğam sənəti ölkəmizin hüdudlarını aşaraq beynəlxalq səviyyədə təqdim olunur. Azərbaycan muğamı xalqımız var olduqca yaşayacaq, inkişaf edəcək. Sevinirəm ki, festival dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Biz XXI əsrdə - elmin, texnikanın, musiqinin yeni forma və janrlarının yarandığı bir vaxtda Azərbaycan muğamının belə geniş şəkildə təbliğinə nail oluruq. Biz muğamın təbliğatını müasir texnologiyalar vasitəsilə də təbliğ etməliyik”.
Diqqətə çatdırıldı ki, builki festivala 15 ölkədən tədqiqatçılar və ifaçılar qatılıb. Festival müddətində Bakı ilə yanaşı, yeni istifadəyə verilən Gəncə Dövlət Filarmoniyasında da silsilə tədbirlər keçiriləcək.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə bildirdi ki, xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalı xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisidir. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlərdən söz açdı.
Qeyd edildi ki, Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü yaradıb: “Dahi bəstəkarın “Leyli və Məcnun” operası ilə muğam opera teatrı səhnəsinə qədəm qoydu. Eyni zamanda Üzeyir bəy muğamın prinsipləri əsasında musiqi bəstələməyin mümkünlüyünü göstərdi. Bununla da muğamın zəngin xəzinəsi Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildi. Demək olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi. Bütün bunlar Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qarayevin simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik”.
Firəngiz Əlizadə vurğuladı ki, muğam festivalı dünyanın musiqiçi və musiqişünas alimlərinin diqqət mərkəzindədir və hər dəfə əhatə dairəsini genişləndirir. Festival çərçivəsində beynəlxalq elmi simpoziumun da keçirilməsi, muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq onun dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrildiyini sübut edir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov muğamın fəlsəfəsindən danışaraq, bu musiqi sənətini xalqları və millətləri qovuşduran bir dəyər kimi xarakterizə etdi. O, ölkəmizdə muğamla operanın, caz və simfonik musiqinin sintezinə də toxundu, bu istiqamətləri Azərbaycanın dünya musiqisinə verdiyi yeni modellər kimi qiymətləndirdi.
Türkdilli Ölkələrin Musiqi Qrupları Şurasının üzvü Quzel Sayfullina, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Aleksandr Xaruto, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov, Tehran Universitetinin professoru Məhəmməd Azadefar simpoziumun işinə uğurlar arzulayaraq, təşkilatçılara təşəkkürlərini ifadə etdilər. Vurğulandı ki, simpozium musiqişünasları bir araya gətirərək bu sahədə yeni araşdırmalara, yeni fikir və ideyaların ortaya çıxmasına şərait yaradır.
* * *
“Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” elmi simpoziumu günün ikinci yarısında “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya”, “Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları - tarix və müasirlik” bölmə iclasları ilə işini davam etdirdi.
Qeyd edək ki, martın 9-da simpozium çərçivəsində AMEA-nın Gəncə Bölməsində də tədbir keçirilib. Simpozium işini martın 10-da yekunlaşdıracaq.
Lalə Azəri