Nizami Gəncəvi və Cakomo Puççini yaradıcılığı arasında əlaqəyə həsr olunmuş konfrans
   
   Roma şəhərinin Korsini sarayında yerləşən İtaliya Elmlər Akademiyasında XIX-XX əsrlərdə yaşayıb-yaratmış məşhur bəstəkar Cakomo Puççininin "Turandot" operası ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması arasındakı əlaqəyə həsr olunmuş konfrans keçirilib.
   Nizami Gəncəvinin yaradıcılığına həsr olunan sessiya akademiyanın "Orta əsr məhəbbət lirikası və Şərq motivi" adlı 11 illik konfrans proqramının 3-cü sessiyasına daxil edilib.
   Kataniya Universitetinin Humanitar elmlər kafedrası, "L'Orientale" Neopolitan Universitetinin Şərq, Afrika və Aralıq dənizi ölkələri üzrə araşdırmalar kafedrası, Sapienza Universitetinin Avropa və Amerika üzrə mədəniyyətlərarası araşdırmalar və Klassik ədəbiyyat kafedraları ilə tərəfdaşlıq şəraitində təşkil olunan konfransda ölkənin tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
   Nizami poeziyası üzrə mütəxəssis, Turin Universitetinin professoru Mariya Tereza qeyd edib ki, XII əsrin böyük şairi Azərbaycanın Gəncə şəhərində dünyaya göz açıb, multikulturalizm ideallarının ilk təmsilçilərindən biri olub, əsərlərində gender bərabərliyi haqqında fikirlər irəli sürməklə dövrünü qabaqlaya bilib.
   “Nizami Gəncəvi doğma şəhərinin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya ölkələrinin ədəbiyyatında onun yaradıcılığının güclü təsiri hələ də hiss olunmaqdadır”, - deyə o bildirib.
   Professor “Yeddi gözəl" poemasındakı slavyan gözəlinin qırmızı rəng haqqında hekayəsində və "Turandot" operasında hadisələrə dair aparılan müqayisəli araşdırmanın genişləndirilməsi məqsədilə beynəlxalq alimləri bir araya toplamaqla, mövzu ilə əlaqədar ilk hərtərəfli yanaşmanı təqdim edib.
   Tədbirdə Kembric Universitetindən Kristin Van Ruymbeke, "L'Orientale" Neopolitan Universitetindən Mikele Bernardini, Genuya Universitetindən Nikola Ferrari, “Mito Settembre” musiqi festivalının direktoru, musiqişünas Enso Restano çıxış ediblər. 
   Çıxışlarda N.Gəncəvinin "Yeddi gözəl" poemasında qırmızı günbəzli sarayda yaşayan slavyan gözəlinin hekayəsi və ondan ilhamlanaraq yaradılmış çoxsaylı ədəbiyyat və musiqi əsərləri, o cümlədən Cakomo Puççininin "Turandot" operası arasında əlaqənin araşdırılmasından bəhs olunub.
   Daha sonra Milan şəhərində incəsənət üzrə menecer və muzey mütəxəssisi kimi fəaliyyət göstərən Əsli Səmədova çıxış edərək Nizami Gəncəvinin yaradıcılığına həsr edilən sessiyanın “Milli irsimiz” layihəsi çərçivəsində reallaşdığını diqqətə çatdırıb. Bildirib ki, “Milli irsimiz” layihəsi üç istiqaməti əhatə edir - elm, təhsil və incəsənət. Elmi biliklər və məlumatlar öz əsərlərində Nizami Gəncəvinin irsini şərh edən və dərk edən yaradıcılara ötürülür: “Bununla da layihə nəsillər və coğrafi regionlar arasında körpü yaradır, dünyanın müxtəlif yerlərindən olan tərəfdaşlar və mütəxəssislər arasında əlaqə qurur. “Milli irsimiz” layihəsi Azərbaycanın mədəni irsini nümayiş etdirməsi üçün yeni yanaşma tətbiq etmək və onu daha geniş auditoriya üçün aktual və cəlbedici etməklə beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyır”, - deyə Əsli Səmədova qeyd edib.
   Nizami Gəncəvinin yaradıcılığına həsr olunan tədbir İtaliyan auditoriyasında maraqla qarşılanıb.