Qadınlar əsrlər boyu ədəbiyyatda ən çox vəsf edilən varlıq olub. Onlara nə qədər şeirlər, dastanlar yazılıb. Amma qadın o sirli varlıqdır ki, onun bütün ruhunu, düşüncələrini tam ifadə etməyə bir ömür belə yetməz. Üstəlik bütün bunlara təhsil, uğur da əlavə edildikdə qadın kamillik zirvəsinə yüksəlir. 
   Müasir cəmiyyətdə uğurlu xanım obrazı daha çox təhsillə və kitablarla assosiasiya olunur. “TEAS Press” Nəşriyyat Evi də ölkənin tanınmış xanımlarından 8 nəfərini “Hər bir uğurlu xanımın arxasında oxuduğu kitablar dayanır” adlı sosial layihədə birləşdirmək qərarına gəlib. Müxtəlif peşə sahibləri olan xanımlar nə qədər peşəkar olsalar da, kitab oxumağı həmişə ən vacib məsələ sayıblar.
   “Hədiyyəniz kitab olsun” layihəsində telejurnalist Nərgiz Cəlilova, müğənni Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, rəssam Afa Məryəm, aktrisa Mehriban Zəki, yoqa üzrə mütəxəssis İradə Əsədullayeva, ixtiraçı Reyhan Camalova və bu il ölkəmizi “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova iştirak ediblər.