Martın 10-da Azərbaycan peşəkar milli teatrının 145 yaşı tamam oldu. 1873-cü ilin bu günündə Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə başlanan sənət yolunun ildönümü paytaxtdakı teatrlarda maraqlı tədbirlər və təltiflərlə, premyeralar ilə qeyd edildi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmin gün “Şah Qacar” tamaşasının növbəti nümayişi vardı. Tamaşadan əvvəl səhnəyə çıxan teatrın direktoru, Xalq artisti Azərpaşa Nemətov bu günün tarixindən və əhəmiyyətindən söz açıb. O, milli teatrın keçdiyi inkişaf yoluna nəzər salaraq, 145 il ərzində peşəkar teatrımızın qazandığı sənət uğurlarından danışıb, Azərbaycan mədəniyyətinə, o cümlədən də teatrına dövlət qayğısından bəhs edib. Qeyd edib ki, teatr sənətində sözünü demiş çoxsaylı sənətkarlarımız olub: “Bu ənənə davam etdirilir. Milli Teatr Günü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıram”.
Bayram münasibətilə Milli Dram Teatrının bir sıra əməkdaşlarına diplom və mükafatlar təqdim edilib.
Sonra “Şah Qacar” tamaşası nümayiş olunub. İkihissəli səhnə əsərində əsas rollarda Xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər Abbas Qəhrəmanov, Sabir Məmmədov, Kazım Abdullayev, Ayşad Məmmədov, Elşən Rüstəmov, Anar Heybətov və başqaları çıxış ediblər.
* * *
Martın 10-da və 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan musiqili səhnə əsəri janrının iki incisini seyrçilərə təqdim edib. Şənbə günü dahi Qara Qarayevin “Yeddi gözəl” baleti, bazar günü isə Üzeyir bəyin “Leyli və Məcnun” operası oynanılıb. Hər iki tamaşa “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində nümayiş olunub.
1952-ci ildən səhnədə olan “Yeddi gözəl” baleti, artıq on ildir ki, yeni redaksiyada balet heyranlarına təqdim edilir. 2008-ci ildə Q.Qarayevin 90 illik yubileyi münasibətilə yeni quruluşda səhnəyə qayıtmış balet üzərində beynəlmiləl heyət çalışıb. Libretto müəllifi Türkiyədə yaşayan yazıçı-ssenarist Yana Temiz, quruluşçu baletmeyster rusiyalı Vasili Medvedyev, musiqi rəhbəri və quruluşçu dirijor Türkiyədə çalışan soydaşımız Elşad Bağırov, quruluşçu rəssamı rusiyalı Dmitri Çerbacidir.
Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Anar Mikayılov, Samirə Məmmədova, Elmira Süleymanova, Cəmilə Kərimova və başqaları ifa ediblər.
“Leyli və Məcnun” operasının budəfəki tamaşası isə gənc xanəndə Rəvanə Əmiraslanovanın Leyli partiyasında debütü olub. 1995-ci ildə Gəncədə anadan olmuş Rəvanə orta musiqi təhsilini Bakıda Rostropoviçlər adına 21 saylı musiqi məktəbində alıb, sonra Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist Təyyar Bayramovun sinfində oxuyub. VI Televiziya Muğam müsabiqəsinin mükafatçısı olan Rəvanənin ilk tamaşada tərəf-müqabili teatrın solisti Elnur Zeynalov olub.
* * *
Dövlət Musiqili Teatrında isə 10 mart günündə növbəti premyeranı - Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ömrünü müstəqillik ideallarına həsr etmiş ictimai xadim, publisist Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə səhnələşdirilmiş “Nuri-didə Ceyhun” tamaşasını izlədik.
Tamaşadan öncə səhnəyə çıxan Əməkdar incəsənət xadimi, professor, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə hər kəsi sənət bayramı münasibətilə təbrik etdi. Söylədi ki, 145 yaşlı peşəkar teatrın bu günədək yaşamasında və inkişafında böyük rolu olmuş görkəmli sənətkarlarımızın ruhu bugünkü bayram təntənəsini gördükləri üçün onların da ruhu şaddır. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini vurğulayan Məryəm xanım “Nuri-didə Ceyhun” tamaşasının bu ilə ilk sənət töhfəsi olduğunu dedi.
M.Əlizadə son illər Azərbaycan teatrlarının ölkə xaricində qazandığı uğurlardan və milli teatrın perspektivlərindən də danışdı. Onun təklifi ilə həm salonda əyləşmiş, həm də səhnə arxasında həyəcanla çıxışını gözləyən aktyorlar bir daha alqışlandı.
Sonra yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri nümayiş olundu. Janrı pyes-metafora kimi müəyyən edilmiş “Nuri-didə Ceyhun” tamaşasının ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Hadisələr konkret tarixi şəxsiyyətin ətrafında cərəyan etsə də, əsər qürbətdə yaşayıb vətən naminə çarpışan, Azərbaycan nisgili ilə ömrünü başa vuran bütün mühacirlərimizin xatirəsinə həsr olunub.
Rolları Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva və başqaları ifa edirlər. Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və digər bəstəkarların musiqilərindən istifadə olunub. Musiqi tərtibatçısı və quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam Vüsal Rəhimov, quruluşçu baletmeysterlər Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeyster Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.
* * *
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü ayrıca tədbir ilə qeyd edilib. Əvvəlcə salona toplaşanlar milli teatrın 145, bu sənət ocağının isə 90 illik tarixini əks etdirən videoçarxa baxıblar.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbi şagirdlərinin həvəskar truppasının oynadığı tamaşa ilə təməli qoyulan Avropa tipli teatrın yaranma tarixi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan teatrları bu gün beynəlxalq festivallarda milli teatr sənətini layiqincə təmsil edir. Ölkə başçısının sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına, Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına, Teatr Xadimləri İttifaqının “Sənətkar” medalına layiq görülmüş əməkdaşları təbrik edən direktor sonra kollektivin bir sıra üzvlərinə diplom və pul mükafatları təqdim edib. Xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova və Vaqif Əsədov da Milli Teatr Günü münasibətilə salona toplaşanlara təbriklərini çatdırıblar. Tədbir teatrın aktyorlarının konsert proqramı ilə yekunlaşıb.
Axşam isə illərdən bəri teatrın repertuarından düşməyən, bir neçə beynəlxalq festivalda kollektivi uğurla təmsil etmiş “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşası oynanılıb. İsveç dramaturqu Lars Nurenin əsərinə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Tamaşada əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədova çıxış edirlər.
* * *
Paytaxtın digər teatrları da peşə bayramı günündə repertuarlarındakı maraqlı tamaşalarla sənətsevərlərin görüşünə çıxıblar. Dövlət Rus Dram Teatrında V.Denisovun “Sanset bulvarı”, Kukla teatrında “Qoğal”, Yuğ teatrında V.Klimin “Medeya. Sekvensiya - 01”, Pantomima teatrında E.Rzayevin “Mənim balığımsan” tamaşaları oynanılıb.
Gülcahan Mirməmməd