Martın 12-də Heydər Əliyev Mərkəzində rusiyalı mütəxəssis, tanınmış jurnalist, tərcüməçi Natalya Tolkunovanın təqdimatında “Dəb ikonası” adlı üçgünlük seminar başlanıb.
Seminarın birinci günündə iştirakçılar “Yüksək dəb ikonaları” mövzusunda mühazirəni dinləyiblər. Mühazirəçinin sözlərinə görə, dəb ikonası olmaq üçün insan məşhur, tanınmış olmalıdır. Bəlkə də kimsə, həqiqətən, gözəl geyinir, lakin məşhur deyilsə, bu barədə dünya deyil, yalnız onun ətrafındakı adamlar məlumatlı olacaq. Mühazirədə dəb ikonası olmağın səbəbləri göstərilib. VIII Edvard və Uollis Simpson, Deyzi Fellouz və başqalarının moda aləminə diktələri diqqətə çatdırılıb.
Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, nüfuz və zövqlərinə görə dəbi diktə edən və heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat verilib. XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır.
Seminar hazırda Heydər Əliyev Mərkəzində nümayiş olunan “Modernizm və moda” sərgisi çərçivəsində təşkil edilib. 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb. İştirakçılar “Modernizm və moda” sərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə ediblər.
Natalya Tolkunova Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyi “Moda nəzəriyyəsi və sənayesi” proqramı üçün mühazirələr oxuyur. “Doroqoy” və “Sur la Terre” jurnallarının redaktoru, “Əllinci illər: kuturyelərin sonuncu istehkamı” kitabının müəllifidir.
O, seminarın ilk günü jurnalistlərə müsahibəsində qeyd edib ki, insanlar hər onillikdən müəyyən moda trendlərini götürə bilər. Yəni, bu gün daha çox hər kəs özünə yaxın olanı seçir. Yaxud hansısa ildə 60-cı illərin və ya digər onilliklərin müəyyən trendləri güclənir. Onun sözlərinə görə, Azərbaycanda insanlar modaya yaxşı münasibət bəsləyir və bu maraq seminara gələnlərin sayında da özünü göstərir.
Seminarın ikinci günü “Kino və moda: kino ulduzlarının geyim tərzi” mövzusuna həsr olunub. Mühazirədə Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların moda aləminə, geyim üslubuna təsirindən bəhs edilib.
Martın 14-də “Müasir dəbdə 1960-cı illərin ənənəsi” mövzusunda sonuncu mühazirə təqdim olunacaq.
Seminarda iştirak ödənişlidir. İştirakçılara sertifikatlar veriləcək.