Ötən axşam (13 mart) Novruzun - baharın müjdəçiləri olan dörd ilaxır çərşənbədən üçüncüsü - Yel çərşənbəsi də yurdumuza qədəm qoydu. Yel çərşənbəsi xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə” kimi də tanınır. Əski inanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Yel xalqımızın mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Bu mifik təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.
Yel çərşənbəsindən başlayaraq axır çərşənbə üçün hazırlıq görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat tədarükü görürlər. Çünki Novruza yalnız bir çərşənbə qalıb. Üstəlik bu dəfə Novruz bayramı ilə ilaxır - Torpaq çərşənbəsi eyni gündə yurdumuza qədəm qoyacaq.
Bəhruz