Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz rayonun mədəniyyət müəssisələrinin tanıdılması, əhalinin maarifləndirilməsi, oxucu kontingentinin genişləndirilməsinə yönəlmiş silsilə tədbirləri davam etdirir.
Layihə çərçivəsində “Gələcəyin üçün oxu” şüarı altında martın 14-də rayonun Bum qəsəbə orta məktəbində görüş, martın 15-də isə Tikanlı kənd orta məktəbində “Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib.
Tədbirlərdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova, rayonun mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hər iki məktəbdə şagirdlər arasında viktorina keçirilib, məktəblərə kitablar və “Qarabağ silsiləsi” layihəsindən “Qarabağ mifləri” toplusu hədiyyə edilib.
Mərkəzin əməkdaşları Məzahir Qarayev, Nurəddin Babazadə, Elnarə Hacıyeva və Ceyhun Əhmədov nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında məlumat veriblər.