Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik etməsi və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, birlik Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılıb. Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstan, 2017-ci ildə isə Türkiyə elmlər akademiyaları sədrlik edib, bu il isə rəhbərlik AMEA-ya keçib.
Tədbirdə 2018-ci ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk dünyası muxtar qurumlarının 100 illiklərinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi qərara alınıb.