Respublika Uşaq Kitabxanası ilə Ukrayna Milli Uşaq Kitabxanası arasında skayp-görüş
Martın 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli musiqi alətləri” adlı skayp-görüş keçirilib.
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova bildirib ki, Novruz bayramı ərəfəsində keçirilən tədbirin əsas məqsədi ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq qurmaqla uşaqlara yeni dostlar qazandırmaq və onları iki ölkənin qədim musiqi alətləri haqqında məlumatlandırmaqdır.
Tədbirdə Ukraynanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aleksandr Sençenko, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və başqaları iki xalqın yetişməkdə olan gəncliyinin məktəb illərindən başlayaraq dostluq əlaqələrinin qurulmasını alqışlayıblar. Vurğulanıb ki, dost xalqların gənclərinin bir-birinin mədəniyyətləri ilə tanış olması, qədim musiqi alətləri haqqında məlumat toplaması müsbət haldır.
Görüşdə skayp vasitəsilə Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbi və 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri, Azərbaycan Avropa liseyinin V sinif şagirdləri ilə Ukraynanın V sinifdə oxuyan məktəbliləri qarşılıqlı olaraq hər iki tərəfin musiqisi və musiqi alətləri ilə tanış olublar.
Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb.