Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsinin Jurnalistika kafedrasının professoru Etibar Babayevin Türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi “Barış körpüsü” kitabı çapdan çıxıb. Kitabda sənətçinin Azərbaycanda olarkən keçirdiyi görüşlər, müsahibələri, fotoşəkilləri və maraqlı xatirələri yer alıb.
İstanbula işgüzar səfərə gedən E.Babayev Barış Mançonun ev-muzeyində olub və kitabın ilk nüsxəsini muzeyə hədiyyə edib. Bununla bağlı Türkiyənin bir sıra xəbər portallarında yazılar yer alıb. Məqalələrdə E.Babayevin Barış Manço haqqında yazdığı kitabla yanaşı, müəllifin dostu barədə fikirlərinə də geniş yer ayrılıb: “Barışın dönəmində Türkiyədə Avropa ilə Asiyanı birləşdirən iki körpü vardı. Birincisi Boğaziçi körpüsü, ikincisi isə Fatih Sultan Mehmet körpüsü. Bir də canlı körpü vardı. Bu, Türkiyəni bütün dünya ilə birləşdirən Barış Manço körpüsü idi”.