Martın 13-də “Nur Art House” sənət ocağı və “Azərbaycan xalçaçıları” İctimai Birliyi Yel çərşənbəsi münasibətilə “Dərələrdən yel kimi...” adlı tədbir keçirdi. 
   Bayram tədbirini ictimai birliyin sədri, professor Röya Tağıyeva açaraq günün önəmindən danışdı, qonaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. 
   Birliyin idarə heyətinin katibi Gülşən Hüseynovanın “Azərbaycan xalçalarında Novruz adət-ənənələri” və “Yel çərşənbəsinin xalçalarımızda rəmzi - bərabərtərəfli xaç” mövzularında söhbəti maraqla qarşılandı. 
   Ölkəmizdə səfərdə olan xarici qonaqların da qatıldığı tədbirdə memar, modelyer-rəssam, “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İB-nin sədri Laləndar Novruzovanın bərpa etdiyi milli geyimlərdən ibarət dəfilə nümayiş olundu.
   “Azərbaycan xalçaçıları” İB-nin üzvü, xoreoqraf, M.S.Ordubadinin xatirə muzeyinin baş mühafizi Rasimə Əhmədovanın quruluş verdiyi milli rəqslər isə hər kəsdə bayram ovqatı yaratdı. 
   Rəssam Ülkər Hacıyevanın milli gəlincikləri, bədii tikmə ustaları Elmira və Hökumə Qasımovaların əl işləri, tanınmış xalçaçı rəssam Eldar Hacıyevin xalçaları və rəngkarlıq əsərləri ilə tanışlıq iştirakçıların yaddaşında gözəl duyğularla qaldı.
   
   S.Qaliboğlu