Azərbaycan kinosu 120
Bu gün çox məsələyə münasibət başqadır, biz çox mətləbə dərindən bələdik. Amma həmişə belə olmayıb. Böyük təmtəraqla, dövlət səviyyəsində bayram etdiyimiz Novruz da həmişə ekran-efirdə, meydanlarda indiki kimi çal-çağırla, bayram tətili ilə qeyd edilməyib. Düzdür, bu sətirlərin müəllifi Novruz mərasimlərinin dini ayin kimi qələmə verildiyi, ən əziz milli bayramın məhəllə çərçivəsinə sıxışdırıldığı zamanları yaşamayıb. Amma mart ayında qəzetlərin çiçəkləmiş badam budaqları fonunda milli geyimli qız şəkillərini birinci səhifəyə çıxardığı, televiziyada ehtiyatlı eyhamla bahar süslü proqramların efirə verildiyi vaxtları, Novruzlu günlərin adi iş günlərindən heç fərqlənmədiyi zamanları xatırlayır. Novruz bayramının qədim adət-ənənələrə tam uyğun olaraq bədii filmlərdə koloritli təsvirinin ilk təəssüratı da həmçinin...
İlan üstündə təhvil olan il
Xalq yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" romanının da, bu əsər əsasında çəkilmiş eyniadlı filmin də hansı repressiyalarla qarşılaşdığı barədə çox yazılıb, çox danışılıb. Əslində İsmayıl Şıxlı bu romanı ilə XIX əsrin sonlarında Azərbaycan kəndində mövhumata qarşı mübarizənin aparılması, köklü-soylu mülkədar düşüncəli insanların arasında yeni düşüncə tərzli burjuaziyanın yaranması, çar Rusiyasının milli ucqarlarda savadlanma prosesinin həm də rus dilini bilən və velikorus ideyasına candan xidmət edən yerli məmur zümrəsinin formalaşma prosesi olmasını göstərmək istəmişdi. Təbii ki, müəllif bütün bunları maarifçi sosial-demokrat ruhu fonunda çatdırmaq istəmişdi və buna müvəffəq olmuşdu. Sadəcə, zaman o zaman idi ki, "Dəli Kür" filmində inqilabçılıq ruhu qabardılmışdı və quruluşçu rejissor Hüseyn Seyidzadənin filmi Cahandar ağa (Ələddin Abbasov) kimi parlaq obrazla qarşı cəbhədə duranların heç də zəif olmadığı göstərilmişdi. Bununla belə, "Dəli Kür" ilk baxışda sırf sovet ideologiyasına xidmət edən film kimi yox, həm də Novruz bayramının Azərbaycan bədii kinosunda ilk dəfə yer alması ilə tarixə düşdü.
Filmin süjeti tamam başqa mövzu və istiqamətdə olsa da, ilk səhnələrin birində müəllim Çernyayevskini (Vladislav Kovalkov) aparan faytonçu Məmmədəli (İsmayıl Osmanlı) qaş qaralmamış kəndə çatmağa tələsir. Qonaq səbəbi ilə maraqlandıqda Məmmədəli ona Novruz bayramı barədə məlumat verir və bayram axşamı olduğunu deyir. Ertəsi gün kəndə çıxan Çernyayevski yenə Məmmədəlini görür və ondan ilin hansı heyvan üstdə təhvil olduğunu soruşur. Bir çətən külfət yiyəsi Məmmədəli də narazılıq edir ki, ilan üstündə.
Növbəti epizodlarda Novruzun dolğun etnoqrafik mənzərəsini görürük. Kənd camaatının lopa yandırıb küçəyə çıxması, əli xonçalı qadınların bir-birini təbrik etməsi, kişilərin tüfəngdən havaya atəş açması, bir-birinə calanan zurna-saz havası, cavanların bacalardan torba sallayıb bayram payı istəməsi, ərgən qızların bir yerə yığışıb fala baxması, Şamxalın (Fikrət Əliyev) başına yığışan dəstənin yığdıqları bayram payını poçt müdiri, həm də gənclərə elm-savad yolu göstərən Urus Əhmədlə (Eldar Əliyev) və onun qonağı Çernyayevski ilə bölüşməsi, tonqal üstündən atılması, bayram günü "urus qonağın" bazarda yumurta döyüşdürməsi, cavanların dirədöymə oynaması... bütün bunlar o illərin çox məşhur və əl-əl gəzən "Azərbaycan folklor antologiyası" kitabındakı Novruz bayramına aid məqalələrə vizual illüstrasiya sayıla bilər.
Yeddi oğulun Novruz hədiyyəsi, yoxsa tələsi?
Səməd Vurğunun "Komsomol poeması" əsasında ssenarisini Yusif Səmədoğlunun yazdığı, Tofiq Tağızadənin də quruluş verdiyi "Yeddi oğul istərəm" filmi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə həsr olunub. 1970-ci ildə ekranlara çıxan bu film o vaxtdan müzakirə mövzusudur. Aradan keçən təxminən yarım əsrdə mənəvi üstünlüyün Bəxtiyarın (Həsən Məmmədov) başçılıq etdiyi komsomol dəstəsinin, yoxsa Gəray bəyin (Həsənağa Turabov) tərəfində olduğu barədə mübahisələr ara-sıra mətbuatda və kinoya dair tədqiqatlarda baş qaldırıb.
"Yeddi oğul istərəm" filmində də Novruz atributları xüsusi yer alıb. Bayram günü torpaqların şumlanması ilə başlayan bayram, təbiətin oyanması ovqatı sonra Peykanlıda Novruz personajları - Keçi, Kosa və Keçəlin iştirakı ilə bayram nəğməsinin ("A Kos-kosa, gəlsənə...") oxunması ilə davam edir. Adını çəkdiyimiz obrazları canlandıran Azərbaycanın üç koloritli teatr və kino aktyoru - Hüseynağa Sadıqov, Məmmədsadıq Nuriyev və Nadir Əsgərov əsl Novruz personajları yaratmağa müvəffəq olublar.
"Yeddi oğul istərəm" sırf sovet ideologiyasına hesablanmış film olsa da, 1970-ci ildə Novruz ənənəsi və ovqatını ekranda "Dəli Kür"dən fərqli tərzdə canlandırması ilə maraqlıdır. Əgər "Dəli Kür"də Novruz yalnız Azərbaycan kəndinin əziz bayrama münasibətinin təcəssümüdürsə, "Yeddi oğul istərəm"də Novruz artıq vasitədir. Əbəs yerə Bəxtiyarın göstərişi ilə torpaqların şumlanmasına məhz Gəray bəyin ərazisindən başlamır, qətliamla bitən qanlı şumdan çox da keçməmiş bayramı matəmə qarışmış kənddə səhnə qurulur, komsomolçu Qasımın (Əbdül Mahmudov) "teatr çıxarmaq" istəyinin gerçəkləşməsinə də Kosa ilə Keçəl kömək edirlər. Bu mədəni gəlişmənin bir məramı var: "Qan çanağı"na sığınmış Gəray bəyi və onun dəstəsini kəndə gətirib axırına çıxmaq! Bəlkə də buna görə Şahsuvarın (Rafiq Əzimov) ilin qoyun üstündə təhvil olmasına sevinərək, əmin-amanlıq olacağına gümanı boşa çıxır.
Filmin ssenarisinə görə, arxasında hansı niyyətin durmasından asılı olmayaraq, Novruz bayramı təsvirlərində etnoqrafik etüd qaydalarına əməl edilməsi əsas qəhrəmanların niyyətinə xidməti arxa plana keçirir.
Qoyun üstündə təhvil olan il
İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" povestinə ikinci dəfə ekran həyatı yaşadan "Qızıl uçurum" bədii filmi (əsər əsasında ilk səssiz film 1916-cı ildə çəkilib) də Novruz ovqatından xali deyil. Maraqlıdır ki, 1980-ci ildə ekrana çıxmış filmin quruluşçu rejissoru 11 il əvvəl Novruz ovqatını ekranda aktyor kimi yaşamış "Dəli Kür"ün Şamxalı - Fikrət Əliyevdir.
Bu ekran əsəri adıçəkilən filmlərlə müqayisədə Novruz bayramından ötəri bəhs etsə də, yaddaqalan səhnədir. Neftxuda Cəlilin (Əliabbas Qədirov) hələ varlanmamışdan əvvəlki həyatı, yoxsul fəhlə məhəlləsi... Cəlilin sevdiyi Şəfiqə (Həmidə Ömərova) atası Əhməd kişi (Sadıq Hüseynov) ilə Novruzu kasıb bir süfrə açaraq qeyd edir. Pəncərədən küçədəki büsatı, atılan fişəngləri seyr edən Şəfiqə özü gəlmək əvəzinə torbasını göndərən naməlum qonaq üçün pay yığa-yığa atasının qoyun ilinin bolluq, əmin-amanlıq gətirəcəyi barədə söylədiklərinə qulaq asır. Bu kadrlarda kameranın obyektivi fikri sevgilisinin yanında qalan gənc qızın üzünə fokus edir və aktrisanın iriş, mənalı gözlərində onun Cəlil ilə firavan həyat arzularının xəyalı canlanır. Şəfiqənin arzuları növbəti səhnədə Cəlilin yoxsul həyətindəki toy mərasimi ilə öz məntiqi davamını tapır. Toydan çox keçmir ki, könlütox Şəfiqə Cəlillə ağlına gəlməyən firavanlığa qovuşur. Amma qəfil gələn bu firavanlıq onlara çox baha başa gələcək...
* * *
Bu ekran əsərlərindəki dəfələrlə gördüyümüz kadrları təkrar izlədikdən sonra belə qənaətə gəlirsən ki, min illərin yaddaşından süzülüb gələn, əbədiyaşarlığını sübuta yetirmiş Novruz bayramı haqqında sanballı etnoqrafik-fəlsəfi-bədii filmin çəkilməsinə ehtiyac var. Özü də həmin filmdə hadisələrin hansı ildə baş verməsindən asılı olmayaraq.
O ki qaldı, bu il Novruzun - yeni astronomik ilin hansı heyvan üstündə təhvil olmasına, Şərq təqvimində 2018-ci il İt ilidir...
Bayramınız mübarək! Bu istirahət günlərində bayram süfrəsi arxasında əyləşib teleekrandan Novruz koloritli məşhur filmlərimizi bir daha seyr etmək arzusu ilə
Gülcahan Mirməmməd