Novruz milli-mənəvi dəyərlərimizi, folklorumuzu özündə cəmləşdirməklə xalqımızın ən sevimli bayramıdır. Hər Novruzu xeyirxah, nəcib əməllərlə, təmiz ürəklə, xoş arzu və diləklərlə qarşılamaq nəsillərdən-nəsillərə örnək olub.
   Qədim Quba elində Novruzun gəlməsinə həftələr öncədən hazırlıq işləri başlanır, ilin axır çərşənbəsinə tədarük görürlər. Etnik zənginliyi ilə tanınan rayonda 20-dək azsaylı xalq əsrlərdir mehribancasına yaşayırlar. Onların hər birinin özünəməxsus Novruz adət-ənənələri var. Qırız, Haput, Xınalıq, Buduq kəndlərində bayram öncəsi evlər qədim adətlərə görə təbii şirə ilə şirələnir, səməni cücərdilir, səməni umacı bişirilir, qohum-qonşuya paylanır. Qırız kəndində Novruzun gəlişi ilə əlaqədar torpaq qazılır, dar keçid hazırlanır. Keçidin düz ortasında boyanmış yumurta basdırılır. Dar keçiddən keçən şəxs yumurtanı əzməyib keçsə il onun üçün uğurlu sayılır. Buduq kəndində isə bayram axşamı mütləq əriştəli plov bişirilir. Buduqluların evində şorqoğalı bişirilmir. Novruzda yalnız şirniyyat məhsulları hazırlanır. Xınalıq kəndində də 7 rəqəmi uğurlu rəqəm sayıldığından axır çərşənbə günü oğlan evindən nişanlı qız evinə 7 pay göndərirlər. Buna xınalıq dilində “yıq-tikə” deyirlər.
   Novruz bayramı dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbədə də qeyd olunur. Onlar almanı bala batırıb yeməklə Tanrıdan yeni ilin, yeni günün şirin keçməsini arzulayır, bir-birini təbrik edir, Qubada yaşayan müsəlman dostlarının evinə qonaq gedir, mehribancasına bayramlaşırlar. Dağ yəhudiləri baharın gəlişini Pesax bayramı ilə qeyd edirlər. Pesax yəhudilərin azadlıq və bahar bayramıdır. Bu bayramın tarixi eramızdan əvvələ gedib çıxır. Misir fironunun zülmündən xilas olan yəhudilər bunu hər il baharın gəlişi ilə eyni vaxtda milli bayram kimi qeyd edirlər. Bayram səkkiz gün davam edir. Yəhudilər bayram günlərində sinaqoqa gələrək ibadət edir, müxtəlif dini ayinləri həyata keçirirlər. 
   Bayramda yəhudilərin süfrələrindəki təamlar da fərqli olur. Süfrədə əsasən Pesax bayramının simvolu sayılan “matsa”nın (şit fətir) olması vacibdir. Matsa o zaman fironun zülmündən xilas olan yəhudilərin çöllərdə qaynar daşın üzərində undan və sudan (duz olmayıb) bişirdikləri yeganə qida olub. Bu nemət zülmdən xilas olan yəhudilərin əzab-əziyyətini yada salmaq anlamı daşıyır. Bayram süfrəsinə yeddi növ göyərti və yeddi növ məxsusi təam qoyulur: 1) matsa; 2) matsa ilə yeyilən, qoz-fındıqla, bəzən də xurma qarışığı ilə hazırlanan haroset; 3) soyutma yumurta; 4) soyutma kartof; 5) cırhacı almadan hazırlanan halva; 6) balıq qızartması; 7) kiduş-üzüm şirəsi.
   Pesax bayramını Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri ən əziz bayram kimi təntənə ilə qeyd edirlər. Hətta xarici ölkələrdə yaşayan, əslən buradan olan dağ yəhudiləri də bu müqəddəs bayram günlərini doğmaları, soydaşları ilə birlikdə qeyd etmək üçün həmin vaxt Qubaya gəlirlər. Bayramın sonuncu günündə hamı çəmənliyə çıxır, hər kəs təzə göyərən otlardan yığıb evə gətirir. Evin üzərinə, mənzilə səpələyirlər ki, bu da ruzi-bərəkət arzulamaq anlamındadır. 
   Adət-ənənələri fərqli olsa da, Qubada yaşayan azsaylı xalq və etnik qrupların nümayəndələrini daha çox ümumi cəhətlər birləşdirir. Bu, Novruzda daha çox özünü büruzə verir. İnsanlar açıq ürəklə, xoş niyyətlə, təmiz arzularla bir-birinə yaxınlaşır, qarşısına çıxanla mehribancasına bayramlaşırlar. Hər evdə bayram süfrəsi açılır, qonaq dəvət olunur.
   Novruz bayramından 13 gün sonra Qubada “Səməniatdı” mərasimi keçirilir. Həmin gün analar, nişanlı, yaxud subay qızlar əllərində səmənilərlə Qudyalçayın sahilinə gəlir, niyyət edir, əllərindəki səməniləri suya atırlar. Səməni atıb niyyət edirlər ki, gələn Novruza kimi arzuları çin olsun, orada olan qız-gəlinə, uşaqlara şirniyyat paylasınlar. Səməni ilə bağlı başqa adət də var. Bəzi insanlar səmənini suya yox, evin damına atırlar. Bu da o deməkdir ki, üzümüzə gələn il bərəkətli olsun.
   Qubada artıq Novruz şənlikləri bu il də təmtəraqla keçirilir. B.Səfəroğlu adına Mədəniyyət mərkəzi, eləcə də digər mədəniyyət müəssisələri rəngarəng konsert proqramları hazırlayıb. Konsertlərdə Qubanın etnik zənginliyinin bir-birindən maraqlı folklor nümunələri də tamaşaçılara təqdim olunur.
   
   Ramiz Ramazanlı
   B.Səfəroğlu adına Quba rayon Mədəniyyət mərkəzinin direktoru