Dövlət siyasətinin bir çox istiqamətlərində müşahidə olunduğu kimi, mədəniyyət sahəsində də daim yeni və daha təkmil formatlar axtarışı aparılır. Ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru xeyli dərəcədə məhz mədəniyyət sahəsində uğurlardan asılıdır. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti sayəsində Azərbaycanda mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının təsirli alətlərindən biridir. Mədəniyyət sahəsi üzrə həyata keçirilən hər bir layihə gələcəyə xidmət edir və ölkədə yaşayan xalqların humanitar rifahını təmin edir.
   Qeyd olunanlar müstəvisində Mədəniyyət və Turizm Nazirliyinin növbəti təşəbbüsü olan "Qəbələ pilot layihəsi" müstəsna əhəmiyyətə malikdir. Layihənin qarşısında duran əsas strateji hədəflərin qeyd olunması kifayət edir ki, sözügedən təşəbbüsün vacibliyini və zərurətini bir daha aşkar görə bilək. Belə ki, burada regionların mədəni həyatının daha rəngarəng edilməsi, turistlərə göstərilən mədəni xidmətlərin təkmilləşdirilməsi, mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, yeni peşə səriştələrinin formalaşdırılması, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması, kitab oxuma vərdişlərinin formalaşdırılması, mədəniyyət müəssisələrinin rayonun sosial-siyasi həyatında oynadıqları rolun gücləndirilməsi və s. bu kimi məsələlərin adını çəkə bilərik. 
   Mart ayı ərzində layihə çərçivəsində cəmi bir neçə tədbirin təşkil olunmasına baxmayaraq, nazirliyin bu təşəbbüsü yerli əhali və mətbuat tərəfindən böyük maraqla qarşılanıb. Layihənin əsas xüsusiyyətlərindən biri odur ki, tədbirlər açıq səma altında və ya təhsil müəssisələrində təşkil olunur. Tədbirlərin ümumtəhsil orta məktəblərində təşkil olunması eyni zamanda mədəniyyət müəssisələrinin uşaq və yeniyetmələr arasında tanıdılmasına xidmət edir.
   Layihənin əsas icraçı qurumlarından biri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdir. Mərkəzin təşkilatçılığı ilə ilk mərhələdə layihədə il ərzində yaxından iştirak edəcək rayonun kitabxanaçıları üçün ixtisaslaşmış təlimlər təşkil olunub. Müxtəlif mütəxəssislərin, o cümlədən Bakı Dövlət Universiteti müəllimlərinin iştirakı ilə təşkil olunmuş təlimlərdə müasir peşə səriştələri ilə bağlı, o cümlədən beynəlxalq təcrübə ilə tanışlıq məqsədilə mühazirələr oxunulub, müxtəlif təyinatlı çap materialları təqdim edilib.
   * * *
   Layihə çərçivəsində ilk kütləvi tədbir kimi Elmi-Metodik Mərkəz tərəfindən 6 mart tarixində mədəniyyət müəssisələrinin tanıdılması, kitab oxumaq ənənələrinin bərpası məqsədilə Qəbələ rayonunun Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib. Tədbirdə mərkəzin mütəxəssisləri “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə” və “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” adlı məruzələrlə çıxış ediblər. 
   
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova: 
   - Nazirliyin pilot layihəsi çərçivəsində rayonda keçirilən tədbirlər bizi çox sevindirir. İstər oxucu olaraq, istərsə də mədəniyyət işçisi kimi bunu çox önəmli tədbir hesab edirəm. Qəbələ rayonunda oxucular arasında uşaqlar çoxluq təşkil edir. Son vaxtlar böyüklər arasında mütaliəyə maraq azaldıqca uşaqlar kitaba doğru yönəlirlər. Uşaqlarla keçirilən tədbirlər, kitab bayramları, bədii qiraət müsabiqələri bu işdə böyük rol oynayır. 
   
   Qəbələ rayon MKS-nin direktoru Anar Rüstəmli: 
   - Kitabxanaçılar bu təşəbbüslə əlaqədar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışırlar. Bizim kənd və qəsəbə kitabxana filiallarında bu cür tədbirlərin uğurla keçirilməsinə zəmin yaradan əsas amil mütaliə ənənələrinin bərpası və oxucuların kitabxanalara cəlb edilməsidir. 
   * * *
   Layihə çərçivəsində 7 mart tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində təşkil edilən növbəti tədbir Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdu. Rayonun müxtəlif sahələrində çalışan fəal qadınlara Mərkəz tərəfindən təsis olunmuş mükafatlar təqdim edilib. Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev rayonun müxtəlif müəssisələrində çalışan qadınları təbrik edib və Heydər Əliyev mərkəzlərinin regionların mədəni və ictimai həyatında artan rolundan söhbət açıb.
   * * *
   Qəbələ rayonunun sakinləri tərəfindən maraqla qarşılanmış növbəti tədbirlər Bum qəsəbə və Tikanlı kənd tam orta məktəblərində keçirilib. Martın 14-də Bum qəsəbə orta məktəbində “Gələcəyin üçün oxu” şüarı altında görüş, martın 15-də isə Tikanlı kənd orta məktəbində “Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs təşkil edilib.
   Tədbirlərdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova, rayonun mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Hər iki məktəbdə şagirdlər arasında viktorina keçirilib, məktəblərə kitablar və “Qarabağ silsiləsi” layihəsindən “Qarabağ mifləri” toplusu hədiyyə edilib.
   Mərkəzin əməkdaşları Məzahir Qarayev, Nurəddin Babazadə, Elnarə Hacıyeva və Ceyhun Əhmədov nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında məlumat veriblər.
   Sonda hər iki məktəbin ibtidai sinif şagirdləri tərəfindən hazırlanmış vətənpərvərlik ruhlu ədəbi kompozisiyalar, mahnı və rəqs nömrələri təqdim olunub.
   
   Bum qəsəbə ümumi orta məktəbinin direktoru Məlahət Dadaşova:
   - Uşaqlar keçirilən tədbirlərdə iştirak etməyə həvəslə səy göstərirlər. Bu, uşaqlar üçün çox maraqlıdır, onların gələcəyi üçün böyük önəm daşıyır. Bu cür aksiyalar uşaqları mütaliəyə cəlb edir. 
   
   Tikanlı kənd tam orta məktəbinin direktoru Nurəhməd Məmmədcanov:
   - Bədii qiraət və ədəbi kompozisiyalarda iştirak məktəbli uşaqların ümumi inkişafına böyük təsir göstərir və onların vətənpərvər ruhda tərbiyələnməsinə səbəb olur. Bunun üçün biz mütaliəyə daha çox üstünlük veririk. Çalışırıq ki, məktəb kitabxanasındakı kitabları uşaqların arasında təbliğ edək.
   
   Tikanlı kənd tam orta məktəbinin ana dili müəllimi Şükür Əzizov: 
   - Mən istəyirəm ki, öz şəxsi inkişafı üçün uşaqlar mütaliəyə üstünlük versinlər. Ona görə də mən çalışıram ki, istər dərs zamanı, istər yay tətillərində onlara müxtəlif bədii ədəbiyyatların seçimində və əldə olunmasında köməklik göstərim. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi uşaq və yeniyetmələr arasında kitab oxuma vərdişlərinin formalaşmasına səbəb olur. 
   
   Ədəbiyyat müəllimi Hürü İbrahimova:
    - Kitab oxumadığım bir gün mənim “ölü” günüm sayılır. Çalışıram ki, bu vərdişi şagirdlərimə də təlqin edim. 
   
   8-ci sinif şagirdi Nübar Bayramlı: 
   - Məktəbimizdə təşkil olunmuş bu tədbir çox maraqlı idi. Biz dostlarla birlikdə söz verdik ki, daha çox kitab oxuyacağıq.
   * * *
   Layihənin birinci mərhələsinin sonu olaraq martın 16-da Qəbələnin məşhur Nic qəsəbəsində sakinlərin ilk səyyar kitab sərgisi təşkil olunub. Sərgidə Qəbələ rayon MKS-nin Mərkəzi kitabxanası ilə yanaşı, Nic qəsəbə və Çuxur Qəbələ, Mıxlıqovaq kənd kitabxana filialları da iştirak edib. 
   Tədbirdə Nic qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru Valeri Marderosov, kəndin Yaradıcılıq mərkəzinin direktoru Vitali Koçarxoy, “Ürayın” Mədəniyyət mərkəzinin direktoru Oleq Danakari, məktəblilər və kənd sakinləri də çıxış edərək rayon və kənd kitabxanalarında latın qrafikalı əlifbada uşaq ədəbiyyatının azlığını nəzərə alaraq bu cür səyyar kitabxanaların böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
   Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev ölkəmizdə mədəniyyət sahəsində görülmüş işlər, nazirliyin sözügedən layihəsinin əhəmiyyəti və yerli əhali tərəfindən onun dəstəklənməsinin vacibliyi haqqında geniş çıxış edib. 
   Kitab oxuma ənənələrinin bərpa olunması, savadlı, vətənpərvər nəslin formalaşmasında böyük əhəmiyyət kəsb edən bu cür tədbirlərin gələcəkdə daha intensiv şəkildə təşkil olunacağını bildirən A.Usubəliyev yerli əhalini bu təşəbbüslərdə fəal iştirak etməyə çağırıb.
   Nic qəsəbə Uşaq musiqi məktəbi yetirmələrinin Azərbaycan, udi və ingilis dilində bədii qiraət kompozisiyası sərgiyə gələnlərə xoş ovqat bağışlayıb. Tədbirin sonunda Mərkəz tərəfindən təsis olunmuş mükafatlar məktəbin direktoruna və fəal iştirakçılara təqdim edilib. 
   
   Nic qəsəbə Yaradıcılıq mərkəzinin direktoru Vitali Koçarxoy:
   - Nicdə müxtəlif tədbirlər təşkil olunur. Amma bu sərgi üçün nazirliyə təşəkkür etmək istəyirəm ki, Nicdəki 5 məktəbdən məhz bizim məktəbi seçmisiniz. İstəyirəm ki, bizim udi ənənələrinin qorunması və təbliği ilə bağlı olan kitabların sayı da artsın. 
   
   Nic qəsəbəsi 2 saylı tam orta məktəbin direktoru Valeri Marderosov:
   - Sözün düzü, burada kitablara həsr olunmuş tədbirlər təşkil olunmayıb. Bu ilk tədbirdir və sizə çox minnətdaram ki, şagirdlərimizə, valideynlərə və müəllimlərimizə nə qədər sevinc və xoş təəssürat bəxş etmisiniz.
   
   Nic qəsəbəsi 4 saylı orta məktəbin tarix müəlliməsi Sevil Ağayeva:
   - Çox gözəl sərgidir. Ümid edirəm ki, belə tədbir bizim məktəbdə də təşkil olunacaq. Səbirsizliklə gözləyəcəyik.
   
   Rayonun və xüsusilə də kəndlərin mədəni həyatına rəng qatan “Qəbələ pilot layihəsi” çərçivəsində Novruz bayramı münasibətilə Qəbələnin mərkəzi küçələrində və bir sıra iri kəndlərində silsilə bayram tədbirlərinin təşkili də nəzərdə tutulub.