Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (1893-1980) 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.
Filarmoniyanın foyesində aşığın həyat və yaradıcılığından bəhs edən kitab sərgisi nümayiş olunub.
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında danışıb. Vurğulayıb ki, qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı öz məktəbini yaradıb, onun 40-dan artıq şagirdi olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə də münbit zəmin yaradıb. Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın lent yazıları bu günümüzədək gəlib çatıb.
Məhərrəm Qasımlı Dədə Şəmşirin bütün Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olduğunu və ona məşhur qoşmasını həsr etdiyini xatırladıb. Bildirib ki, ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında aşıq havalarını lentə köçürüb. Bu lent yazılarından bəziləri Azərbaycan Radiosunun fondunda saxlanılır. Aşığın ilk şeir kitabı 1959-cu ildə çapdan çıxıb. Sonralar “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.
Gecədə aşıqların ifasında sənətkarın qoşmaları səsləndirilib. Aşığın nəvəsi, Milli Məclisin deputatı Cavid Qurbanov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.