VI Qlobal Bakı Forumunda iştirak edən Qırğızıstanın sabiq Baş naziri Apas Jumagulov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə Günay Əfəndiyeva Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təmsil olunduğu qurumun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi istiqamətində fəaliyyətindən söz açıb. O, Qırğızıstana səfərlərini məmnunluqla xatırlayaraq, son zamanlar türk dövlətlərində keçirilən beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qırğızıstanda Dünya Köçəri Oyunlarının mədəni irsin təbliğində əhəmiyyətindən bəhs edib. Türk dünyasını əhatə edən layihələr barədə qonağa məlumat verən G.Əfəndiyeva dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyinin qeyd edilməsinin planlaşdırıldığını bildirib.
Apas Jumagulov da mədəniyyət sahəsində həyata keçirilən müxtəlif tədbirlərin vacibliyini diqqətə çatdırıb, Fondun Türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğinə dair fəaliyyətini və perspektivlərini yüksək qiymətləndirib.
* * *
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva VI Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə də görüşüb.
G.Əfəndiyeva Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə D.Kıdırəlini təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. O, Astanaya səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti ilə keçirdiyi görüşü məmnuniyyətlə xatırlayaraq iki qurumun birgə əməkdaşlığının əhəmiyyətindən danışıb. Görüşdə Türk dünyası ilə bağlı layihələrin vacibliyi vurğulanıb, fikir mübadiləsi aparılıb.