Martın 17-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq artisti Tofiq Bakıxanov və aktyor Həsən Cəbrayılovun birgə tərtib etdikləri “Bakıxanovlar şöhrət zirvəsində” kitabının təqdimatı keçirilib. 
   Kitab Abbasqulu ağa Bakıxanovun vəfatının 170, Əhməd Bakıxanovun anadan olmasının 125, Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunub.
   Kitabxananın direktoru Tahir Sadıqov tədbiri açaraq şair, yazıçı, tarixçi, mütəfəkkir, tərcüməçi Abbasqulu ağa Bakıxanovun həyatı və fəaliyyəti haqqında geniş məlumat verib.
   Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyev, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə Bakıxanovlar nəslinin, həqiqətən də, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə böyük töhfələr bəxş etdiyini vurğulayıb, kitabın əhəmiyyətini qeyd ediblər.