Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki - bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemətovdur.
Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edəcək.
Səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. İki dünya arasında sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur.