Hər il olduğu kimi, bu il də paytaxt Bakıda xalqımızın sevimli bayramı olan Novruz yüksək səviyyədə qeyd olunub. Bu münasibətlə şəhərin müxtəlif məkanlarında konsert, festival, yarmarka və digər tədbirlər təşkil edilib.
      
   Bakının sakinləri və qonaqları üçün zəngin təəssürat
   
   Bayram tətili günlərində - 20-25 mart tarixində Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə Fəvvarələr meydanında keçirilən Novruz festivalı zəngin proqramı ilə yadda qalıb. Paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan çoxsaylı turistlərin də izlədiyi bayram tədbirləri böyük maraqla qarşılanıb.
   Festival çərçivəsində ölkənin müxtəlif regionlarından folklor ansamblları, həmçinin tanınmış müğənnilər çıxış ediblər. Novruz yarmarkasında ziyarətçilər milli tətbiqi sənət nümunələri, o cümlədən zərgər məmulatları, suvenirlər, geyimlərlə tanış olub, həmçinin milli mətbəximizin ləziz təamlarından dadıblar.
   
   “Müsyö Jordan və dərviş Məstəli şah” Şuşa teatrının təqdimatında
   
   Şuşa Dövlət Musiqili Dram Teatrı martın 23-də Fəvvarələr meydanında açıq havada teatrsevərlərə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını təqdim edib.
   Mirzə Fətəlinin məşhur komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə hər zaman müasirdir. Birhissəli məzhəkədə Mirzə Ələkbər Sabirin “Bəhri-təvil”indən, Səməd Mənsurun “Həpsi rəngdir” və “Gülməlidir” əsərlərindən istifadə olunub. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.
   Rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Teymur Məmmədov, Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Hamlet Qənbərov, Zəhra Salayeva, Yaşar Muradov, Ruhiyyə Həsənova və Mobil Qurbanov ifa ediblər.