21 mart - Beynəlxalq poeziya günü münasibətilə yeni yaradılmış Cəlilabad poeziya klubu Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran filialının qonağı olub.
Regionda yaşayıb-yaratmış qələm adamlarının xatirəsinin yad olunduğu tədbiri AYB Lənkəran filialının təmsilçisi Ağamir Cavad açaraq iştirakçıları salamlayıb.
“Bu yaz bir başqa yazdır...” devizi altında keçirilən görüşün ideya müəllifi Qardaşxan Əzizxanlı tədbirin məqsədindən danışıb.
Cəlilabad poeziya klubunun sədri, klubun üzvlərindən Əlizadə Nuri, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, Əlirza Həsrət, lənkəranlı yazarlar Qafar Cəfərli, İslam Rzayev, Balayar Sadiq, riyaziyyat üzrə fəlsəfə doktoru Əlişirin Şükürlü və başqaları çıxış edərək poeziyanın nəzəri məsələlərinə toxunub, əsərlərindən parçalar oxuyublar. Sonda muğam və xalq mahnıları səslənib.
Qeyd edək ki, Beynəlxalq poeziya günü 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib.