Mayın 12-də, 16-da və 19-da Filadelfiyada (ABŞ), “Verizon Hall”da Cakomo Puççininin “Toska” operası nümayiş etdiriləcək. Səhnə əsərində Mario Kavaradossi obrazını Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov yaradacaq. Azərbaycanlı tenor 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında məhz Kavaradossi obrazı ilə debüt çıxışı edib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görülüb, 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.