AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar toplusunun doktorant və dissertantların əsərlərindən ibarət nəşrinin növbəti - 12-ci və 13-cü nömrələrinin təqdimatı olub.
Muzeyin direktoru, akademik Rafael Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” toplusunun beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat verib.
Bildirilib ki, muzeyin “Şərq”, “Xəzinə”, “Qaynaq”, “Məclis” və “Risalə” kimi daimi nəşrləri var. “Risalə”nin əsas məqsədlərindən biri də gənc alimlərin ən müxtəlif elmi mövzulara dair əsərlərinin elmi ictimaiyyətə çatdırılmasına imkan yaratmaqdır. Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları ədəbiyyatının müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı mötəbər elmi mənbələrdən biri sayılan “Risalə” elmi araşdırmalar toplusunun ildə iki nömrəsi çap olunur. Topluda muzeyin əməkdaşlarının elmi tədqiqatları, eləcə də R.Hüseynovun elmi rəhbəri olduğu gənc alimlərin məqalələri yer alıb.
Sonra akademik R.Hüseynov doktorant və dissertantlarla tədqiqat mövzuları ətrafında müzakirələr aparıb, onlara tövsiyələrini verib.
Gənc alimlərə “Risalə” elmi araşdırmalar toplusunun on ikinci və on üçüncü nömrələri təqdim edilib.