Nigeriyadan olan bir qrup televiziya işçisi Azərbaycana gəlib. Qonaqlar ölkəmiz, onun tarixi, ənənələri, mədəniyyəti, turizm və mətbəxi haqqında verilişlər hazırlayacaq. 
   Verilişlər Nigeriyanın və Afrikanın digər ölkələrinin 10-dan çox telekanalında təqdim ediləcək. Layihənin təşkilatçısı Nigeriyadan olan həmyerlimiz, Azərbaycan-Nigeriya Dostluq Cəmiyyətinin rəhbəri Billurə Bayramovadır.
   B.Bayramova bildirib ki, silsilə verilişlər may-iyul aylarında tanınmış televiziya aparıcıları Cina Exikodiojo və Cennifer Centetin (Fransa vətəndaşı) hazırladığı "Foodies anad Spice" və "Lives of Nigerians in Diaspora" proqramlarında yayımlanacaq.
   Onun sözlərinə görə, səfərin təşkilində əsas məqsəd Azərbaycanın təbliğatını Afrika ölkələrində aparmaqdır.
   Novruz bayramında Bakıya gələn Cina Exikodiojo və Cennifer Centet Şəki, Lahıc, Tərtər və digər yerlərə də səfər ediblər. Qonaqlar Azərbaycanın memarlıq abidələrinə və müasir binalara, milli mətbəximizə və ölkənin təbiətinə heyran qaldıqlarını bildiriblər.