Növbəti ədəbi-musiqili proqram Aşıq Şəmşirə həsr olunmuşdu
Martın 28-də Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Şəmşirin şeir dünyası” adlı ədəbi-musiqili proqram təqdim olundu.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşan tədbir Əməkdar incəsənət xadimi, ustad sənətkar Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmişdi.
AAB-nin katibi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova çıxış edərək Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində el sənətkarı Qurbanın ailəsində dünyaya göz açıb. Erkən çağlardan şeirə, sənətə maraq göstərib, saz çalmağı öyrənib. El şənliklərində yaxından iştirak edib və xalq arasında tanınıb. O, gözəl ifaçı olmaqla yanaşı, həm də yaradıcı sənətkar olub. Yüzlərcə qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməs qələmə alıb. Aşıq Qardaşxan, Qəmkeş Allahverdi, Aşıq Xalıqverdi və başqalarının bir sənətkar kimi yetişməsində Aşıq Şəmşir məktəbinin böyük rolu olub.
Çıxışdan sonra bədii hissəyə keçildi. “Dədə Şəmşir - haqq aşığı”, “Şəmşir - könül aşığı”, “Şəmşirin məhəbbəti”, “Qocaldım”, “Şəmşir - təbiət aşığı” adlı səhnələr təqdim edildi. Aşıqlardan Mirəli Mehdiyev, Roman Azaflı, Cahangir Quliyev, Altay Məmmədli, Nemət Qasımlı, Gülarə Azaflı, Əfsanə Kərimova, Vüqar Qurbanov, Qaracan Borçalı, Şöhrət Kərimovun ifalarında “Ayaq divani”, “Şərili”, “Baş divani”, “Yanıq Kərəmi”, “Orta sarıtel”, “Ovşarı”, “Göycə gülü”, “Urfani” və s. aşıq havaları tədbir iştirakçılarının könlünü oxşadı.
Gecədə ustad sənətkarın “Aşıq”, “Qurbanın”, “Könül”, “Bülbül”, “Anam yadıma düşdü”, “Sənsiz”, “Dəysin” və digər şeirləri səsləndirildi. Bütün çıxışlar saz-söz həvəskarları tərəfindən alqışlarla qarşılandı.
Savalan Fərəcov