Teatr Muzeyində mühazirə keçirilib
   
   Azərbaycanda istər dramatik, istərsə də musiqili peşəkar teatr məktəbinin yaranma və formalaşma prosesi rus teatr məktəbinin təsiri altında baş verib. Bu səbəbdən də bizim teatr rejissorluğu və səhnəqrafiya sənətlərimizin yarandığı ilk dövrlərdə rus əsilli sənət adamları Azərbaycanda çox çalışıblar. Onların əksəriyyəti hətta bütün ömrünü Azərbaycan teatr sənətinin inkişafına həsr edib.
   Martın 28-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 mart - Dünya teatr günü münasibətilə “Rus mənşəli teatr rəssamlarının Azərbaycan səhnəqrafiyasının inkifaşında rolu” mövzusunda mühazirə saatı keçirildi. 
   Muzeyin əməkdaşları Mətanət Dadaşova və Ləman Şərifova uzun illər Azərbaycan teatrlarında çalışmış, bir çox səhnə əsərinin ilk quruluşunda iştirak etmiş teatr rəssamları F.Qusak, N.Ovçinnikov, Y.Toropov və S.Yefimenkonun həyat və yaradıcılıqları barədə geniş məruzə etdilər. Mühazirələr adları çəkilən rəssamların muzeyin saxlancında qorunan dekorasiya və geyim eskizlərini sərgiləyən video-çarx ilə müşayiət edildi. 
   Qeyd edək ki, mühazirə saatı Teatr Muzeyi ilə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nəzdində fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdi. 
   
   G.Mirməmməd