İranda böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn yenidən Bakıda sənətsevərlərin görüşünə gəlib.
Martın 27-də Azərbaycan Dövlət Musiqili Teatrında təqdim olunan konsert proqramında Babək Nəhreyn, habelə iranlı incəsənət nümayəndələri - müğənni Ayhan, illüzionist Cavad Əkbəri ilə yanaşı, Azərbaycanın gənc estrada müğənniləri Damla və Çinarə Məlikzadə, Musiqili Teatrın balet truppası çıxış edib.
Ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə “Bəxtəvər” komediyası ilə gələn güneyli aktyor bu dəfə də Novruz bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətinə rəng qatıb. Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Babək Nəhreynin iştirakı ilə daha bir konsert proqramı martın 30-da təqdim olunacaq.