Həyat formulunu tapmaq, təəssüf ki, heç də hamıya nəsib olmur. Bu formul fərdi, unikaldır. Lakin elə insanlar var ki, onların həyatı yol göstərən ulduz ola biləcək həmin nümunə, həmin formuldur.
   Məşhur bakılı, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu: atam və anam haqqında kitab”ı bu cür insanlara həsr edilib. Xatırladaq ki, Mixail Qusman “Hakimiyyət formulu” televiziya verilişinin müəllifidir; prezidentlər, öz həyat tarixçəsi, taleyi ilə tanınmış dövlət xadimləri bu verilişin qonağı olublar. Onun kitabı da verilişi kimi maraqlı alınıb.
   M.Qusman kitabı öz valideynlərinə - professor Solomon Qusmana və filoloq, pedaqoq, professor Lola Barsuka həsr edib. Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət, üstəgəl bir-birinə, övladlarına, doğmalarına, insanlara böyük məhəbbət.
   Kitabda Qusmanların nəsli haqqında ətraflı məlumat verilir; onların sırasında ədəbiyyatçılar, neftçilər, musiqiçilər, inşaatçılar, həkimlər var. 
   Mixail Qusmanın atası Solomon Qusman 1904-cü ildə, anası Lola Barsuk 1916-cı ildə dünyaya gəlib. Solomon Qusman uzun illər Bakıda Xəzər donanmasında həkim işləyib, Böyük Vətən müharibəsi cəbhələrində həkim kimi fəaliyyət göstərib. Hərbi xidmətini başa vurduqdan sonra ömrünün sonunadək Sabunçu xəstəxanasında işləyib. Tibb İnstitutunda kafedra müdiri olub. 
   Professor Lola Barsuk 20 il Xarici Dillər İnstitutunda elmi işlər üzrə prorektor işləyib, sonra xarici dillərin tədrisi metodikası və ingilis dilinin leksikası kafedralarına rəhbərlik edib. Onun tələbələri sırasında həyatda uğur qazanan çoxsaylı insanlar, tanınmış jurnalistlər, diplomatlar var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, peşəkar diplomat Fəxrəddin Qurbanov və bir çoxları onun tələbələri olublar.
   Kitabda Qusmanlar ailəsi ilə bağlı maraqlı hadisələr təsvir edilib. Solomon Qusman Bakıya tez-tez gələn Vladimir Mayakovski və Sergey Yeseninlə tanış idi. Yesenini Sabunçu xəstəxanasında müalicə etmişdi. Doğma şəhərə çox sadiq idi. Moskvaya, ona təklif edilən yüksək vəzifəyə getməyə razılıq verməmişdi.
   Mixail Qusman bu kitabla bizə valideynlərimizi sevməyi, onlarla keçirdiyimiz hər dəqiqənin qədrini bilməyi öyrədir. Axı nə qədər ki valideynlərimiz var, yaşımızdan asılı olmayaraq, biz onların uşaqlarıyıq...