Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yurdun təbiət gözəlliklərini tərənnüm edib.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.