Fransanın Lyon şəhərində məşhur italiyan bəstəkar Cüzeppe Verdinin şərəfinə Opera festivalı keçirilir. Festivalda Verdinin “Atilla”, “Makbet” və “Don Karlos” kimi ən məşhur operalarının müasir versiyaları təqdim edilib.
   Azərbaycan baritonu, Əməkdar artist, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov, həmişə olduğu kimi, operasevərlərin, eləcə də avropalı jurnalistlərin diqqətini cəlb edib. Hər üç operanın səhnə dekorasiyaları, musiqiləri, ifaçıları haqqında müfəssəl məlumat verilən və onların məziyyətlərinə toxunulan yazılarda avropalı jurnalistlər azərbaycanlı baritonun əsrarəngiz ifası və nadir səs tembrinin yaratdığı möcüzədən bəhs ediblər.
   "Makbet" operasında Verdi baş rolu tenora deyil, baritona verməklə mənfi xarakterləri əsərin qəhrəmanı edib, əsərdə təkcə eşq əhvalatını deyil, ehtiras, vicdan narahatlığı kimi mövzuları önə çəkib. Festival çərçivəsində bariton Elçin Əzizov məhz çox çətin hesab edilən Makbet rolunu oynayıb.