Azərbaycan kinosu - 120 
   
   
   Dünya kinematoqrafı daim ədəbiyyatdan, dramaturgiyadan qidalanıb, dastanları, saqa və eposları, nağılları ekranlaşdırmaqla əsrlər boyu xəyallarda yaşamış obrazlara ekran həyatı verib. Bu, həm toplumun yaddaşındakı qəhrəmanların, dildən-dilə ötürülərək unudulmayan əhvalatların təsviri, həm də tamaşaçının yalnız söz və rəssam təsviri ilə tanıdığı qəhrəmanları ekranda canlı görməsi baxımından maraqlıdır. Kino ilə bərabər televiziya texnologiyası inkişaf etdikcə dastanlar teleserial janrı üçün də ssenariyə çevrilib. Bu yazıda ən populyar milli qəhrəmanlıq dastanlarımızın ekran təcəssümündən söhbət açırıq... 
   Vaxtilə yaşadığımız rus və sovet imperiyalarında xalqların milli qəhrəmanlıq eposlarına münasibət birmənalı olmayıb. Məsələn, sovet dövründə «Kitabi-Dədə Qorqud» dastanı «Koroğlu» qədər hörmətli sayılmayıb. Hakim düşüncəyə görə əsas qəhrəmanları xanlar, əsilzadələr olan dastanın öyrənilməsi və təbliği sovet adamının əxlaqına, daha doğrusu, fəhlə-kəndli hökuməti ideologiyasının təlqin etdiyi yaşam meyarlarına zidd idi. Varlıların sərvətini əlindən alıb kasıblara, yoxsullara paylayan Koroğlu, Koroğlu qədər əfsanəvi olmasa da, çar üsul-idarəsinə, şahənşah zülmünə qarşı çıxan Qaçaq Nəbi kimi qəhrəmanlar isə kommunist ideyasına «xidmət edən» qəhrəman sayılırdı. Düzdür, sovet rejimi bu cür ədalət mübarizləri və bərabərlik aşiqlərini də bütöv rejimə qarşı deyil, yalnız ayrı-ayrı fərdlərə qarşı mübarizə aparmaqda təqsirkar bilirdi. 
   
   Xalq qəhrəmanı inqilabçı qılafında 
   
   1937-ci ildə dahi Üzeyir Hacıbəylinin "Koroğlu" dastanının motivləri əsasında yazdığı opera xalq qəhrəmanına rəğbəti daha da artırdı. Operadan 23 il sonra "Koroğlu" filmi (1960) ekranlara çıxdı. Təbliğat və seyr rahatlığı baxımından gərək film populyarlıqda operanı üstələyəydi. Amma... Amma dörd il öncə "O olmasın, bu olsun" kimi şedevr kinokomediya çəkmiş Hüseyn Seyidzadənin "Koroğlu" dastanı əsasında (ssenari müəllifi - Sabit Rəhman) ekranlaşdırdığı film gözləntiləri doğrultmadı. Ondan başlayaq ki, Koroğlunun obrazı və mübarizəsi siyasi təbliğatla birləşdirildi. Bu gün nümayiş etdirilən variantlarda olmasa da, vaxtilə titrlərdə yazılırdı: "1600-cü ildə İran şahı 18 il türklərin əlində olmuş Azərbaycan torpaqlarını işğal etdi. Yerli xanların və yeni qəsbkarların zülmünə dözməyən kəndlilər üsyan qaldırdılar. Onları mübarizəyə əfsanəvi qəhrəman Koroğlu aparır" (S.Rəhmanın “Seçilmiş əsərləri”nin 3-cü cildində yer alan ssenaridən). Beləcə, xalq qəhrəmanlıq dastanının məğzi və məramı təhrif olundu. Mərhum kinoşünas alim, professor Aydın Dadaşov "Kinomuzun Hüseyn Seyidzadə dövrü" məqaləsində (metbuat.az, 03.02.2017) yazırdı ki, bu cümlələr "real şəxsiyyət kimi təqdim edilən yarımmifik obrazın məhvi, ədəbiyyatın müstəmləkə psixologiyasına tabe etdirilməsinin acı nəticəsi idi". 
   "Çənlibeldəki qayanın altında ildırım daşı var. Bu ildırım daşından qayrılmış qılıncın qabağında heç kəs dayana bilməz. O ildırım daşını bu vaxta qədər heç bir igid qayanın altından çıxara bilməyib... Sən el gücünə arxalansan, o daşı əldə eləyə bilərsən..." sözlərini dastanda və operada haqsız aldığı cəzanın - gözlərinin çıxarılmasının intiqamını oğlu Rövşəndən istəyən Alı kişi deyir. Kinoda səslənən bu fikir qəhrəmanın apardığı mübarizədə xalqın, kütlənin iştirakı ön plana çəkilir və dastan motivi hakim marksist-leninçi ideologiyaya tabe edilir. Belə çıxır ki, zülmdən bezən xalq Rövşənin arxasınca getmir, sadəcə, Rövşən mübarizəyə qalxmış xalqın arasından seçdiyi siyasi-döyüşçü rəhbərdir. Əslində, bu deyilənlər sovet kinosuna partiya-sovet rəhbərliyinin qoyduğu ideoloji tələb idi və film öz dövrünün tələbinə tam uyğun gəlirdi. Bu gün həmin tələblər yoxdur, amma film qalır. Etiraf edək ki, nə qədər sevimli qəhrəman olsa da, “Koroğlu” seyrçini cəlb etməyən film kimi yaddaşa hopub. İlk baxışda bunun "günahı" baş rolun ifaçısı, mərhum aktyor Əfrasiyab Məmmədovda görünür. Həqiqətən də, aktyor ilə obraz arasında nisbi zahiri oxşarlıq var, lakin aktyor Koroğlu kimi sevimli qəhrəmanı kino qəhrəmanı kimi sevdirə bilmədi. Tamaşaçı onun Koroğlusunu üç il əvvəl ekranlara çıxmış "Qızmar günəş altında" filmindəki Eldardan o qədər də fərqləndirmədi. 

   "Dədə Qorqud"un ekranla başlayan bəraəti
   
   1975-ci ildə Azərbaycan kino sənəti maraqlı bir əsərlə zənginləşdi. Tofiq Tağızadə yazıçı-dramaturq Anarın ssenarisi əsasında çəkdiyi "Dədə Qorqud" filmini təhvil verdi. Artıq XX əsrin altmışıncı illərində filoloji təhsilli insanlar, ömrünü türkologiyaya və türk xalqlarının tarixinə, folkloruna həsr etmiş tədqiqatçılar nəsli formalaşmaqda olsa da, geniş xalq kütləsi epos barədə məlumatlı deyildi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, o dövrdə yazıçı Anar "Kitabi-Dədə Qorqud" eposunun əsl təbliğatçılarından biri idi. Elə eposun motivləri əsasında filmin ssenarisinin də onun qələmindən çıxması bu təbliğatın uğurlu davamı idi. 
   İkiseriyalı bədii filmə dastanın bütün boylarını sığışdırmaq qeyri-mümkün olsa da, istər ssenari, istər rejissor işi, istərsə də operator işi baxımından (operator Rasim İsmayılov) bitkin, dinamik bir film ortaya çıxdı. Filmdə beynəlmiləl aktyor heyəti yığılmışdı. Azərbaycandan Həsən Məmmədov, Hamlet Qurbanov, Rasim Balayev, Şəfiqə Məmmədova, Leyla Şıxlinskaya kimi maraqlı fakturalı və xarakterik rollar yaratmaqda püxtələşmiş aktyorlarla yanaşı, Gürcüstandan Givi Toxadze, Tacikistandan Həşim Qadoyev, Rusiyadan Azərbaycan əsilli İnarə Quliyeva kimi tanınmış aktyorlar filmə dəvət edilmişdilər. Quruluşçu rejissor ixtisasca aktyor olmayan iki nəfəri - rəssam Elçin Məmmədov və vokalçı, Opera və Balet Teatrının solisti Əli Haqverdiyevə aparıcı rolları həvalə etmişdi. Elçin Məmmədovun Tofiq Tağızadənin bir neçə il öncə lentə aldığı "Yeddi oğul istərəm" filmindəki Mirpaşa obrazı ilə kinosevərlərdə çeşidli münasibət doğurmuşdusa, bu dəfə oynadığı Qaraca çoban ilk nümayişdən tamaşaçıların rəğbətini qazandı. Hərtərəfli istedad sahibi Əli Haqverdiyev isə xain Yalıncıq obrazını o qədər inandırıcı canlandırmışdı ki, tamaşaçıların çoxu filmin nümayişindən sonra öz nifrətlərini həyatda rastlaşdıqları vokalçıya bildirməkdən çəkinmirdilər. Qəribə təsadüf üzündən həyatdan vaxtsız getmiş Əli Haqverdiyevin bacısı, tanınmış musiqişünas, professor Zemfira Qafarova öz xatirələrində deyir ki, hətta qardaşı belə münasibət ilə qarşılaşdıqda filmə çəkilməyə razılaşdığına görə peşmanlıq hissi keçirirmiş. Televiziyanın videotekasında teatrda çıxış etdiyi tamaşaların, konsert lentlərinin barmaqla sayılacaq qədər sayda qaldığını nəzərə alsaq, "Dədə Qorqud" filmi bu gözəl vokalçı-aktyorun yaradıcılıq irsinin bir nümunəsi kimi də əzizdir. 
   
   Üç filmin ortaq nöqtəsi 
   
   Böyük ekrana vəsiqə almış dastanlar əsasında hələlik sonuncu film "Qaçaq Nəbi"dir. 1985-ci ildə "Qaçaq Nəbi" dastanından daha çox, Süleyman Rüstəmin eyniadlı dramı əsasında yazılmış ssenari (müəlliflər - Süleyman Rüstəm, Əhmədağa Muğanlı) əsasında çəkilmiş filmin daha iki adı var: "Qanlı zəmi" və "Atları yəhərləyin". Həsənağa Turabov və Əbdül Mahmudovun birgə rejissor işi olan film başıbəlalı ekran əsərlərindəndir. Niyə Azərbaycan xalq qəhrəmanı haqqında belə bir film çəkilməlidir sualı bədnam qonşularımızı da narahat edirdi. Onlar "Qaçaq Nəbi"nin Moskvada Dövlət Kino Komitəsindən keçməməsinə çox çalışmışdılar. Filmin iki başqa adla ekranlara çıxması həm də bu əngəllərin nəticəsi idi.
   Haqqında söhbət açdığımız üç filmi birləşdirən bir ortaq nöqtə də var. Gözəl musiqi! "Koroğlu"ya Cahangir Cahangirov, digər iki filmə isə Emin Sabitoğlu musiqi bəstələyib. Hər üç filmdə bədii lentdən ayrılaraq öz konsert həyatını yaşayan gözəl mahnılar var. Dəli Həsənin oxuduğu, Anadoluda çox məşhur olan "Bana-bana gəl", "Dədə Qorqud"da Yalçın Rzazadənin səsində lentə alınmış "Sevgilim" adı ilə təqdim edilən ballada, bir də "Qaçaq Nəbi"də Niyaməddin Musayevin kadr arxasında oxuduğu "Anama deyin..." (sözləri Eyvaz Borçalınındır) mahnısı. Əgər Dəli Həsənin (müğənni Anatollu Qəniyev) mahnısını illər sonra Akif İslamzadə fərqli tərzdə oxuyub sevdirdisə, digər iki mahnını film üçün lentə alınmış ifasını mükəmməllik baxımından təzələyən hələ olmayıb. 
   ...Biz isə diqqətdən kənarda qalmış digər dastanlarımızın, eləcə də "Koroğlu"nun hər bir qolunun, "Kitabi-Dədə Qorqud"un hər boyunun ən azı bir bölüm olacağı maraqlı, baxımlı teleserialların arzusundayıq. 
   
   Gülcahan Mirməmməd