Azərbaycan və Türkiyə kinematoqrafçıları məşhur romana ekran həyatı verəcəklər
   

   İyulun 18-də “Nizami” Kino Mərkəzində Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılacaq eyniadlı filmin yaradıcı qrupu ilə mətbuat nümayəndələrinin görüşü keçirildi. Mətbuat konfransında əsərin müəllifi, Xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, filmdə rol alan Azərbaycan və Türkiyənin tanınmış sənət adamları iştirak edirdilər.
   
   Tədbirin aparıcısı Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun tarixi haqqında danışdı. Milli kinomuzun bu gün yeni inkişaf yolunda olduğunu vurğuladı: “Mahmud və Məryəm” kino layihəsi də buna sübutdur. Bu, strukturuna, fəlsəfi fikrinə görə olduqca maraqlı əsərdir. Bu işdə bütün yaradıcı heyətə, çəkiliş qrupuna uğurlar arzu edirəm”.
   Xalq yazıçısı Elçin “Mahmud və Məryəm” romanını 30 il əvvəl qələmə aldığını dedi: “Əgər 30 ildən sonra əsər hələ də öz aktuallığını itirməyibsə, sənət adamlarını maraqlandırırsa, bu, müəllif kimi məni çox sevindirir. İkinci xoş hadisə odur ki, film qardaş Türkiyə kinematoqrafçıları ilə müştərək çəkilir. Bu layihənin təşəbbüskarı Türkiyənin “24 Kare” kino şirkətidir. Onlar təxminən iki il öncə mənə müraciət etdilər. Bu roman Türkiyədə 5 müxtəlif tərcümədə bir neçə dəfə çap olunub, diplom işləri yazılıb, dissertasiyalar müdafiə edilib. Romanda tarixilik var, müasir dövrlə əlaqəli düşüncələr yer alır. “24 Kare”nin təklifini qəbul etdim. Mən filmin bədii rəhbəriyəm. Şirkətlə də şərt kəsdik ki, mən ssenarini təsdiqləməsəm, film çəkilməyəcək. Onlar mənə ssenarini bir neçə variantda təqdim etdilər. Nəhayət, sonuncu variantı bəyəndim və təsdiqlədim”.
   Filmin prodüseri Sevda Kayqısız “Mahmud və Məryəm”i üç il öncə oxuduğunu, bu romanın Azərbaycan və Türkiyə arasında birgə film layihəsi üçün ən uğurlu əsər olduğunu vurğuladı: “Demək olar ki, üç ildir, bu əsərlə yaşayıram. Bu sadəcə bir sevgi hekayəsi deyil, bir insanın özü ilə, mənəviyyatı ilə apardığı mübarizə yolçuluğudur. Əsər boyu humanizmlə üz-üzə qalırıq. Kitab Türkiyədə də bir neçə dəfə çap olunub və olduqca sevilib. Layihəni həyata keçirmək qərarını verdikdə Elçin Əfəndiyevdən də dəstək aldıq. Hər iki ölkənin Mədəniyyət və Turizm Nazirliyi də layihəyə dəstək oldu. Bu çox böyük layihədir. Uzun zamandır hazırlıq aparırıq. Qrupda işləyən hər kəsə minnətdarlığımı bildirirəm”.
   Filmə Türkiyənin tanınmış rejissorlarından Mehmet Ada Öztekin quruluş verəcək. O, çəkiliş başlamazdan öncə film haqqında danışmağın çətin olduğunu bildirdi: “Mahmud və Məryəm” romanı güclü bir ideyanı daşıyır. Belə əsərlərin kinoya gətirilməsi də maraqla qarşılanır. Lakin romanı film kimi yenidən inşa etmək olduqca çətindir. Biz də çalışmışıq, ana hekayəni saxlayaq. Çünki burda çox güclü məqamlar var, dinlərarası toqquşma, qəzəb, həmçinin eşq, ali duyğular göstərilir. Çarəsizlik, ümidsizlik kimi məqamlar vurğulanır. Mən də bütün bunları rejissor olaraq tamaşaçıya çatdırmağa çalışacağam”.
   Filmin bəstəkarı Aygün Səmədzadə də yaradıcı heyətin bütün üzvlərinə uğurlar arzu etdi: “Düşünürəm ki, film əsərə xələl gətirmədən lentə alınacaq. Bu, bizim gənclik dövrümüzün ən məşhur məhəbbət dramıdır. Sevinirəm ki, filmə musiqi bəstələmək mənə qismət olub”.
   Filmdə çəkiləcək aktyorlar çıxış edərək fikir və düşüncələrini bölüşdülər. Qəmərbanu rolunun ifaçısı aktrisa Məlahət Abbasova layihə üzərində uzun zamandır iş getdiyini dedi, filmdə rol alan aktyorlara inandığını bildirdi.
   Ziyad xan rolunun ifaçısı Xalq artisti Fəxrəddin Manafov bu əsəri gənc vaxtlarında oxuduğunu və o zaman Mahmud rolunu oynamaq arzusunda olduğunu dedi: “Təəssüf ki, vaxt öz işini görür. Lakin illər sonra bu layihəyə dəvət almağıma görə məmnunam və ümid edirəm ki, film uğurlu alınacaq”.
   Keşiş rolunun ifaçısı türkiyəli aktyor Mehmet Çevik ilk dəfə belə bir obrazı canlandıracağını bildirdi: “Rol marağımı çəkdi. Həm də bu cür ortaq layihədə iştirak etmək sevindirici haldır. Filmlə bağlı son sözü isə tamaşaçı söyləyəcək”.
   Mətbuat konfransında qeyd olundu ki, Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirliklərinin dəstəklədiyi filmin çəkilişləri 10 həftə davam edəcək.
   Gəncədə başlayan hekayə, hökmdar Ziyad xanın müsəlman oğlu Mahmud və xristian keşişin qızı Məryəmin imkansız məhəbbətini əks etdirir. Mahmud Çaldıran döyüşünün güclü təsiri ilə qarşılaşdığı zaman həyatın həqiqətləriylə üzləşir. Burada adi bir eşq deyil, həm də bir axtarış var. Bu da sevgi axtarışıdır. Və sevgini axtararkən insanın özünü tapması önə çəkilir.
   Filmdə baş rolları türkiyəli aktyor Aras Bulut İynemli (Mahmud) və qazaxıstanlı aktrisa Eva Dedova (Məryəm) oynayacaqlar. Aras Bulut İynemli Azərbaycan tamaşaçılarına “Öyle bir geçər zaman ki...” serialından (Mete) yaxşı tanışdır.
   Ekran əsərində həmçinin Azərbaycanın və Türkiyənin tanınmış aktyorları Ramiz Məlik, Şamil Süleymanov, Murad Abdullayev, Rövşən Ağayev, Şafak Başkaya, Tomris İncer, İlker Kızmaz, Ufuk Şen, Cemal Hünal, Hollivud filmlərində çəkilmiş Kristina Krepela rol alıblar.
   Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Layihədə 25 nəfərlik dublyor heyəti və sürpriz qonaq aktyorlar da var. Aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün at minmə və qılıncdan istifadə etmə təlimi keçiblər. Film türk dilində çəkiləcək və hər bir ölkədə ekranlara müvafiq dublyajla çıxacaq. Filmdə rol alan Azərbaycan aktyorları türk dilinə yiyələnmək üçün bir müddət hazırlıq prosesi keçiblər.
   Çəkiliş qrupu iyulun 19-da Şəkiyə yola düşüb. Çəkilişlər Bakı, Şəki, Qax, Qobustanda, həmçinin Türkiyənin Safranbolu, Düzce, Bolu, Sakarya və İstanbul şəhərlərində, o cümlədən pavilyonlarda aparılacaq. Filmdə təlim keçmiş qartal və qurdla bağlı bəzi səhnələrin Macarıstanda çəkilməsi nəzərdə tutulur. Ekran əsərində vizual effektlər olduğundan, post-prodakşn (istehsaldan sonrakı mərhələ) 3 ay davam edəcək. 120 dəqiqəlik film Azərbaycan, Türkiyə və Avropa ölkələrinin kinoteatrlarında, daha sonra televiziyalarda göstəriləcək. 

  Reyhan İsayeva 

  * * *    

  “Mahmud obrazını özümə çox yaxın hiss edirəm”
 
  
   Türkiyənin “Öyle bir geçər zaman ki...” serialında Mete obrazı ilə sevilən Aras Bulut İynemli “Mahmud və Məryəm” filminin çəkilişləri üçün üç həftə Azərbaycanda olacaq. Bu barədə jurnalistlərə açıqlama verən aktyor ekran əsərində baş rolu oynamağı özü üçün şərəf hesab etdiyini deyib. Aktyor bildirib ki, filmdəki rolunu bəyənir və bir sevgi hekayəsində oynamağı özünə çox yaxın hesab edir: “Hər birimizin həyatında ola biləcək bir sevgi hekayəsidir. Biz burada sevgi ilə bərabər, savaş, aclıq, çarəsizliyi göstərəcəyik. Mahmud saf niyyətli bir xan oğludur. Bu obrazı özümə çox yaxın hiss edirəm. Mahmudla mənim aramda oxşarlıqlar var, o həm sevən bir gəncdir, həm də dəliqanlıdır”.
   Azərbaycana ilk dəfə gələn gənc aktyor paytaxt Bakını çox bəyənib: “Bakıda Fəvvarələr meydanını gəzdik. Bu gözəlliyi seyr etməkdən həzz aldıq. Qardaş ölkəni belə görmək çox sevindiricidir”.
   
   “Bu gözəl ölkəni tanımaq mənim üçün böyük şansdır”
   
   “Sizin çox gözəl ölkəniz var, Bakı isə məni heyran etdi, bu, möcüzələr şəhəridir. Burada olmaq və bu gözəl ölkəni tanımaq mənim üçün böyük şansdır”. Bu sözləri məşhur xorvat aktrisası Kristina Krepela deyib. “Mahmud və Məryəm” filmində Ceylan roluna dəvət alan aktrisa bildirib ki, Azərbaycanda keçirilən “Eurovision-2012” mahnı yarışmasından sonra bütün Avropa tez-tez Bakıdan danışır. O, indiyədək çox eşitdiyi Bakının gözəlliklərini öz gözləri ilə görməkdən məmnun qaldığını vurğulayıb. Aktrisa onu da deyib ki, “Mahmud və Məryəm” filmində türk dilində danışmaq ona çətin olacaq, amma o, yaradıcı heyətin dəstəyinə inanır.