Yeni sənədli televiziya filmləri
   
   “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) daha iki sənədli televiziya filminin çəkilişləri başa çatıb.
   QSC-nin mətbuat xidmətindən bildirilib ki, “Bülbül” sənədli televiziya filmi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (Murtuza Məmmədov) unudulmaz xatirəsinə həsr edilib. Görkəmli sənətkarın keçdiyi həyat və yaradıcılıq yolu tarixi kinoxronika ilə yanaşı, onun ifa etdiyi musiqi əsərləri ilə müşayiət olunur.
   Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur. 
   Digər ekran əsəri - “Ömrün çəhrayı rəngi” sənədli filmi isə Azərbaycan nəsrində dərin iz buraxmış yazıçı-jurnalist, uzun illər “Azərbaycan qadını” jurnalına rəhbərlik etmiş Xalidə Hasilova haqqındadır.
   Filmin ssenari müəllifi Sevinc İsmayılzadə, rejissoru Murad Quliyev, operatoru Elxan Rüstəmovdur.