Rusiya Federasiyasının Tula şəhərində Folklorçuların IV Konqresi keçirilib. Konqres Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, V.D.Polenova adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evi, Tula Vilayəti Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
   Dörd ildən bir keçirilən konqres bu dəfə tanınmış alimlər Pyotr Vasilyeviç Kireyevskinin (1808-1856) anadan olmasının 210 və Aleksandr Nikolayeviç Veselovskinin (1838-1906) 180 illiyinə həsr edilib. 
   Konqresin bölmə iclaslarında folklor tarixi, dekorativ-tətbiqi sənət, folklor ənənələrinin aktuallaşdırılması problemi, lokal ənənələr və mədəniyyətlər, musiqi folkloru, etnomusiqişünaslıq, qeyri-nağıl folklor nəsrinin öyrənilməsi məsələləri, folklorun dili, xalq inancı, etnik ünsiyyət şəraitində ənənəvi mədəniyyət, müasir folklor, folklor və müəllif yaradıcılığı, folklorun obrazlı dünyası, uşaq folkloru və etnomədəni təhsilin problemləri və başqa mövzularda məruzələr dinlənilib. Beş gün davam edən konqresdə ümumilikdə 400-ə qədər məruzə edilib.
   Tədbirdə AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil “Folklorun öyrənilməsində Azərbaycan və Rusiya elmi əlaqələri” mövzusunda çıxış edib. Tatarıstan, Başqırdıstan, Yakutiyadan gələn folklorşünasların məruzələrində türk xalqlarının folklorunun toplanması, qorunması, araşdırılması ilə bağlı maraqlı fikirlər səsləndirilib. 
   Tədbir çərçivəsində folklorşünaslığın uğurlarını özündə əks etdirən yeni kitabların təqdimatı da olub. O cümlədən AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” adlı rus dilində nəşr olunmuş kitabı konqres iştirakçılarına təqdim edilib, əsər haqqında məlumat verilib. 
   
   S.Qaliboğlu