Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.
Dövlət başçısı Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Prezident Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan rəhbəri ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili qurumun və özünün fəaliyyətinə ölkəmizin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyi, ölkəyə gələn xarici qonaqların sayının durmadan artdığı məmnunluqla qeyd olunub, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.