Daşkənddəki “Diydor” teatr-studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində nümayişi keçirilib. Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Tamaşanın rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev, rəssamı Dono Ganiyevadır. Əsas rolları Olmas Orayev, Xurşida Arabşoeva, Adiz Rajabov ifa ediblər. Musiqi tərtibatçıları arasında Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayev də var.
   “Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkəndin “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib. 1921-ci ildə musiqili komediya Buxarada da tamaşaya qoyulub. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar musiqili komediyaya səhnə həyatı veriblər. 
   Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Özbəkistanın şəhərlərində təqdim edilib. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrında rus dilində səhnələşdirilib.