Yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı aprelin 3-də Qubada təntənəli şəkildə qeyd olunub. Bayram dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki Heydər Əliyev adına istirahət parkında keçirilib.
Tədbirə qatılanlar rayonda yaşayan dağ yəhudilərinin tarixini, mədəniyyətini, eləcə də bayram adət-ənənələrini əks etdirən fotosərgi ilə tanış olublar.
Çıxış edənlər yəhudi və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışıb, bu əlaqələrin tarixi köklərə söykəndiyini qeyd ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisinin yaşadığını diqqətə çatdırıb. Bildirib ki, rayonda 60-a yaxın məscidlə yanaşı, yəhudilərə məxsus iki sinaqoq və dini icma da fəaliyyət göstərir. Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən sevilən bayramlarından biri olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycanda bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb. Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunur.
Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbdə təhsil alan azərbaycanlı və yəhudi uşaqların birlikdə ifası bayram tədbirinə rəng qatıb.
Builki Pesax bayramı martın 30-dan başlayaraq qeyd olunur və 8 gün davam edir. Bayram günlərində müxtəlif dini ayinlər icra olunur.
Tarixi mənbələrə görə, 3500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını bayram etməyə başlayıblar. Pesax bayramı aprelin 7-dək davam edəcək.