Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi 27 mart - Dünya teatr günündə Kazanda “Təntənə” (“Tantana”) teatr mükafatının qaliblərini elan edib. Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrında keçirilən mərasimdə ötən il milli teatr məkanında ən yaxşı birinci və ikinci plan qadın-kişi rolları və ən yaxşı tamaşa üçün nəzərdə tutulmuş “İlin hadisəsi” mükafatları sahiblərinə təqdim edilib. 
   S.Amutbayev adına Minzələ Tatar Dövlət Dram Teatrının böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin eyniadlı əsəri əsasında hazırladığı “İblis” tamaşası ən yaxşı tamaşa olaraq qiymətləndirilib. 
   Yakut rejissoru, Saxa Respublikasının Əməkdar incəsənət xadimi Sergey Potapovun quruluş verdiyi “İblis” faciəsinin ilk tamaşası ötən ilin noyabrında baş tutub. Əsər “Kiçik şəhər teatrları” federal layihəsinin vəsaiti hesabına səhnələşdirilib. “Qızıl maska” Rusiya Milli Teatr mükafatının laureatı Sergey Potapov dünyanın müxtəlif ölkələrində səhnələşdirdiyi tamaşalarla çox tanınır. 
   “İblis” pyesini Minzələ teatrına Potapov özü təklif edib. “Tatar-inform” agentliyinə müsahibəsində rejissor bu seçim barədə belə deyib: “Pyesi təklif edəndə teatrın razılaşacağına inanmırdım. Amma onlar gözlədiyimdən cəsur çıxdılar, dərhal razılaşdılar və materialı tez tapdılar”. Teatrın direktoru Robert Şaymərdanov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək pyesi əldə edib. Əsərin poetik mətnini isə Q.Tukay adına Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Rkail Zaydulla tatar dilinə çevirib. Tamaşada teatrın tanınmış aktyorları - Tatarıstanın xalq artistləri Rüstəm Mullin, Hafiz Xammatullin çıxış edirlər. İblis obrazı isə teatrın 24 yaşlı aktyoru Rüstəm Zinnurova həvalə edilib. İblis gənc aktyorun səhnədə ilk ciddi işi olsa da, tamaşanın “İlin hadisəsi” mükafatına layiq görülməsi onun bu qəliz obrazın öhdəsindən bacarıqla gəldiyini sübuta yetirir. 
   “Tatar-inform” yazır ki, Azərbaycan dramaturqunun “İblis” faciəsi Rusiya Federasiyasında ilk dəfə səhnələşdirilib. Tatar teatrı bu tamaşa ilə beynəlxalq və Rusiya festivallarında çıxış etməyi planlaşdırır. 

Gülcahan