Azərbaycan sərginin “fəxri qonaq ölkə”sidir
Xəbər verdiyimiz kimi, 29 noyabr – 8 dekabr tarixlərində Ankarada XXI Kitab Sərgisi keçirilir. Azərbaycanın “fəxri qonaq ölkə” olduğu sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən stendimiz qurulub.
Təşkilat komitəsi Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovu sərginin “beynəlxalq fəxri qonağ”ı elan edib.
Açılış mərasimi AMM-in rəqs qrupunun çıxışı ilə başlayıb.
Mərasimdə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, akademik Nizami Cəfərov çıxış ediblər.
Rəşad Məmmədov stendimizdə nümayiş olunan nəşrlərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və bu günü haqqında qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasına mühüm töhfə verəcəyindən əminliyi bildirib.
Nizami Cəfərov türk xalqlarının irsinin qədim və zənginliyinə diqqət çəkərək türklərin bütün dövrlərdə xüsusi mədəni çoxşaxəliliyə malik olduğunu qeyd edib. Alim türkiyəli uşaq və gənclərin kitaba marağından məmnunluğunu ifadə edib: “Sevindirici haldır ki, bugünkü sərgini ziyarət edənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir”.
Batuhan Mumcu kitab sərgisində Azərbaycanın “fəxri qonaq ölkə” olmasından məmnunluğunu bildirib. O, gənclər arasında mütaliənin kütləviləşməsinə çağırış edib: “Hər bir cəmiyyət üçün uşağa kitabı və biliyi sevməyi, qiymətləndirməyi öyrətmək xüsusilə vacibdir”.
Açılış mərasimindən sonra iştirakçılar sərgi məkanında Azərbaycan stendi ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan 2-10 noyabr tarixlərində keçirilən 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin də “fəxri qonaq ölkə”si idi.
Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının incisi
Noyabrın 30-da XXI Ankara Kitab Sərgisi çərçivəsində “Nizami Gəncəvi: Türk dünyasının qürur mənbəyi, dünya poeziyasının incisi” mövzusunda beynəlxalq konfrans, habelə şairin “İskəndərnamə” poemasının orijinaldan türkcəyə tərcüməsinin təqdimatı olub.
Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Ankaradakı AMM tərəfindən təşkil olunub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Təhminə Bədəlova çıxışında Nizaminin əsərlərinin zamanın sınağından keçdiyini və haqlı olaraq dünya poeziyasının şah əsərləri sırasına daxil edildiyini vurğulayıb: “Nizaminin ədəbi irsi geniş və çoxşaxəlidir. Şairin riyaziyyat, astronomiya, fəlsəfə, tarix, coğrafiya, filologiya, memarlıq kimi fundamental elmlərdə dərin biliyini nümayiş etdirən “Xəmsə”si mütəfəkkir müəllifə dünya şöhrəti gətirib”.
Digər çıxış edənlər də Nizami yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışıb. “İskəndərnamə”nin türkcə işıq üzü görməsini yüksək qiymətləndirib, “Xəmsə”yə daxil olan digər əsərlərin də türk dilinə tərcümə edilərək qardaş ölkədə çap olunacağını bildiriblər.
Qeyd edək ki, Ərzurum Atatürk Universiteti Fars dili və ədəbiyyatı bölümünün müdiri professor Nimet Yıldırım tərəfindən tərcümə olunan “İskəndərnamə” poeması Türkiyədə 2022-ci ildə çapdan çıxıb.
Nizami irsinin öyrənilməsi və təbliğində əməkdaşlıq
Sərgi çərçivəsində dekabrın 1-də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğinə dair memorandum imzalanıb. Sənədi ölkəmizin Ankaradakı AMM-in direktoru Samir Abbasov və Nizami Gəncəvi Mərkəzinin (Gəncə) direktoru Əlimuxtar Muxtarov imzalayıblar.
Samir Abbasov qeyd edib ki, memoranduma uyğun olaraq, Türkiyədə Nizami Gəncəvi irsinin tədqiqi və geniş ictimaiyyətə çatdırılması üçün layihələr həyata keçiriləcək. Eyni zamanda Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin obrazı və türk mədəniyyətində Mövlanə Cəlaləddin Ruminin yaradıcılığına dair birgə monoqrafiyaların hazırlanmasına dəstək verilməsi nəzərdə tutulub. Türkiyə jurnallarında Nizami irsi mövzusunda məqalələrin, eləcə də Azərbaycan nəşrlərində, o cümlədən Gəncədə nəşr olunan “Nizamişünaslıq” jurnalında türk alimlərinin məqalələrinin dərc edilməsinə xüsusi diqqət yetiriləcək.
Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “Nizamişünaslıq” jurnalının bir nüsxəsini AMM-in rəhbərliyinə təqdim edib.
Ankarada “Füzulinin divanı”nın təqdimatı
Kitab sərgisində dekabrın 1-də “Füzulinin divanı” toplusunun təqdimatı da olub.
AMM-in direktoru Samir Abbasov böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin öz yaradıcılığı ilə bütün Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirdiyini qeyd edib. Bildirib ki, “Füzuli divanı”nın təqdimatının şairin 530 illik yubileyinə təsadüf etməsi əlamətdar hadisədir.
Qazi Universiteti (Ankara) Türk dili və ədəbiyyatı kafedrasının müəllimi professor İsmet Çetin Füzuli irsini təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin sərvəti kimi səciyyələndirib. Deyib ki, Füzuli böyük söz ustadlarından biridir. Dil, üslub və poetik texnika baxımından Füzuli ilə müqayisə oluna bilənlər azdır. Alim Türkiyədə Füzuli irsinin öyrənilməsinin tarixi mərhələləri barədə də məlumat verib. Bildirib ki, Türkiyədə Füzuli irsinin öyrənilməsi ilə bağlı ilk akademik iş 1940-cı illərə təsadüf edir. Həmin dövrdən indiyədək təkcə Türkiyədə Füzuli yaradıcılığı ilə bağlı 70-dən çox tədqiqat işi nəşr olunub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov qeyd edib ki, Azərbaycan, ərəb və fars dillərində 16 böyük əsəri olan dahi şairin yaradıcılığı bədiiliyi, incəliyi və orijinallığı ilə seçilir. O, Füzulinin yaradıcılığını “estetik sufizm”in zirvəsi adlandırıb. Deyib ki, Füzuli öz yaradıcılığı ilə Osmanlı və Səfəvi dövlətləri arasında qarşıdurmanın önünü kəsməyə çalışıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Məhəmməd Füzulini “türk xalqlarını birləşdirən şəxsiyyət” adlandırıb.
Nizami Cəfərov Füzuli irsinin öyrənilməsində görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xidmətlərini də vurğulayıb, onun “Füzuli sənətkarlığı” monoqrafiyası barədə iştirakçılara məlumat verib.
Gəncədəki Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov və Qazi Universiteti Türk dili və ictimai elmlər kafedrasının müəllimi professor Halil Çeltik də Füzuli yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.