Türkiyənin Afyonkarahisar şəhərində 17-ci Klassik Musiqi Festivalı keçirilir. Yerli valiliyin və bələdiyyənin təşkil etdiyi festival boyunca (2-12 aprel) dünya şöhrətli sənətçilərin, tanınmış musiqiçilərin, ədəbiyyat xadimlərinin çıxışları nəzərdə tutulur.
Tarixi abidə olan “Millət hamamı”nın binasında verilən açılış konsertində Çexiyanın “Flautus Vocis” nəfəs alətləri qrupu çıxış edib. Konsertdən sonra festivalın bədii rəhbəri Hüseyn Başkadem bu fikirləri söyləyib: “Yeganə məramımız Afyonkarahisara mədəniyyət və sənəti gətirməkdir. Keçmişdə yaşadığımız ən böyük problem yüksək səviyyəli sənətçilərin buraya gəlməməsi idi. Lakin indi görürsünüz ki, Türkiyənin ən önəmli sənət və söz adamları buradadır, xarici ölkələrdən də qonaqlarımız var. Gələnilki festivalda daha kimləri şəhərimizə gətirə biləcəyimiz barədə indidən düşünürük. Amma qarşılaşdığımız ən böyük çətinlik bu festivalı davamlı təşkil etməklə bağlıdır. Yəni hər hansı festivalın təməlini qoymaq çətin deyil, onu yaşatmaq çətindir. Biz isə bunun öhdəsindən gəlirik”.
Gülcahan Mirməmməd