Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachir ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, İndoneziya mədəniyyətinin təbliği istiqamətində ölkəmizdə keçirilən tədbirlər, o cümlədən bu ölkənin Azərbaycandakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq iki dəfə Bakıda təşkil olunan İndoneziya mədəniyyəti festivalı ikitərəfli əlaqələrə töhfə verir.
Həmçinin Azərbaycan və İndoneziya arasında birbaşa aviareyslərin açılması, müqəddəs yerlərin ziyarəti məqsədilə İndoneziyadan gələn turistlər üçün ölkəmizə səfərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub.