Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən III Buktreyler festivalına işlərin qəbulu aprelin 8-də başa çatıb. Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təsisçisi olduğu, “Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Təşkilat komitəsi tərəfindən buktreylerlərə baxış keçirilir, təqdim olunan işlərin festivalın tələblərinə uyğunluğu yoxlanılır. Bu prosedurdan sonra buktreylerlər münsiflər heyətinə təqdim ediləcək.
Festival barədə www.booktrailer.az saytında ətraflı məlumat almaq olar.