Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri açıqlanıb. ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və məşhur fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Nizami Gəncəvi adına Qızıl medal”a layiq görülüblər. Medalın pul mükafatı 10 min manatdır.
İclasda AMEA-nın adlı mükafatlarının sahibləri də elan olunub. Akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə Xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusuf Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər. Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.