Azərbaycan Xalq Cümhuriyyəti - 100
"Mətbuatın, ədəbiyyatın millətin qəlbinə milliyyət və istiqlal toxumu saçan bir əməl olduğu məlumdur... Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər! Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyat eşqi təlqin ediniz".
Sitat Məhəmməd Əmin Rəsulzadənin 1919-cu ildə "Azərbaycan" qəzetində dərc olunmuş yazısından götürülüb.
Düzdür, Azərbaycan ədəbiyyatının, o cümlədən dramaturgiyasının və demokratik mətbuatının işıqlı nümayəndələri daim öz əsərləri, öz fəaliyyətləri ilə xalqı əsarətdən qurtarmağa, maariflənməyə, öz hüquq və azadlıqları uğrunda mübarizəyə səsləyiblər. Bu meyil XIX əsrin sonu - XX əsrin əvvəlində qələmə sarılan yazıçıların əsərlərində daha çox hiss olunsa da, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu öz dövrünün qələm əhlinə belə bir müraciət etməkdə haqlı idi. Çünki Şərqin ilk demokratik respublikası irəli sürdüyü ideyaları yaşatmaq naminə söz əhlinə çox dəyər verən insanlarının fikrini, amalını çatdıran, onların bu gününü və gələcəyini fikirləşən düşüncə sahiblərinin qüdrətindən bəhrələnməli idi. Azərbaycan xalqının özünüdərk, milli birlik, müstəqil dövlətçilik ideallarına səsləyən ədiblərin ziyasına ehtiyacı var idi.
1918. Martla may arasında
Daim ədəbi prosesin vacib qolu olan dramaturgiya da Cümhuriyyət dövründə xeyli canlanmışdı, üstəlik, həmin dövrdə yaranan əsərlər müasirliyi ilə seçilirdi. Təbii ki, 1918-ci il Azərbaycan, eləcə də qurulan respublikanın paytaxtı elan edilən Bakı şəhəri üçün yaradıcılıq, xüsusən də teatr tamaşası oynamaq baxımından o qədər də rahat il olmamışdı. Əvvəlcə mart soyqırımı ziyalı təbəqəni sarsıtmış, sıravi vətəndaşları teatr kimi əyləncə və zövq məkanından uzaqlaşdırmışdı. Digər tərəfdən, Cümhuriyyətin elan edilməsi teatr cameəsini öz fəaliyyətləri üçün ideoloji seçim qarşısında qoymuşdu. Həm də mart hadisələrindən sonra İrana, Türkiyəyə, Tiflisə, Orta Asiyaya, Rusiyanın Volqaboyu şəhərlərinə yollanmış ayrı-ayrı insanlar, teatr dəstələri yalnız bir neçə aydan sonra vətənə qayıtmışdı. Qulam Məmmədlinin tərtib etdiyi "Azərbaycan teatrının salnaməsi" ikicildliyinin 1-ci cildinin (Bakı, 1975) 1918-1920-ci illərə aid bölümlərini diqqətlə vərəqləmək kifayətdir ki, qəzetlərdə yerli teatra dair xəbərlərin nə qədər kasad, qastrol səfərləri barədə məlumatların isə nə qədər bol olduğunu aydın görəsən. Məsələn, Azərbaycan teatrına aid xəbərlərin zərrə-zərrə toplandığı salnamədə oxuyuruq:
7 may (1918 - red.), Ənzəli: Əmdiyə teatrı, Bakıdan gəlmiş artistlərdən Abbasbəy Məlikov və Baba Qubinskinin iştirakı ilə: "Hiyləgər Əbdül".
...May, Ənzəli: Bakı artistləri, M.M.Kazımovski: "Molla Cəbi". Molla Cəbi - Qubinski, Gülnaz - Ə.Krımski.
* * *
"Hümmət" qəzetinin 16 may tarixli sayında isə belə bir xəbər verilib: "Müsəlman aktyorları ittifaqı" Bakı hadisələrində böyük xəsarətə düçar olduğundan neçə vaxtdır ki, fəaliyyətsiz qalmışdır. İndi həmin aktyorlar ittifaqı "Şirkət" düzəldib tamaşa göstərmək üçün bu günlərdə Bakıdan Həştərxana gedəcəklər. Oradan da Volqa boyundakı şəhərlərdə tamaşa verəcəklər".
Nəhayət, oktyabr ayına aid xəbərlərdə Bakının teatr mühitinin dirçəlməsinə dair məlumata rast gəlirik: "Neçə aylardan bəri qapanmış müsəlman teatrı yavaş-yavaş açılmağa qədəm qoymuşdur. Bu gün Mikado teatrında Hacıbəyov qardaşları müdiriyyəti tərəfindən "Arşın mal alan", sabah "O olmasın, bu olsun" oynanılacaqdır".
Mart hadisələrindən sonra İrana getmiş Zülfüqar Hacıbəyli Bakıya qayıtdıqdan sonra "Azərbaycan" qəzetinin 11 oktyabr tarixli sayında İranda çəkdiyi əziyyəti təsvir edən məqalə ilə çıxış edir.
Beləcə, bir neçə faktı sadalamaqla vətən üçün taleyüklü məsələlərin həll olunduğu 1918-ci ildə teatr aləmində necə bir ovqatın hakim kəsildiyini, hansı təbəddülatların baş verdiyini anlamaq olur. "İstiqlal" qəzeti isə 14 fevral 1919-cu il tarixli sayında “Müsavat” liderlərindən Mirzəbala Məmmədzadənin məqaləsində Azərbaycan teatrının "yeni" üsul-idarəyə yaxşı xidmət göstərmədiyi barədə bu fikirlər yer alıb: "Əl’an xalqımızın yeganə toplanış yeri teatrdır. O da bir yenilik vermir. Onda da yeni həyata doğru bir dəvət, bir tərpəniş yoxdur. Həmin köhnə tas, həmin köhnə hamamdır...".
Olsun ki, ziyalı, fədakar insan, dövlət müstəqilliyimiz uğrunda mücahid Mirzəbala Məmmədzadə dövlət müstəqilliyi xüsusunda teatrdan daha böyük mənəvi dəstək gözləməkdə haqlı idi. Lakin unutmaq olmaz ki, milli oyanış, milli azadlıq hərəkatı, istiqlaliyyət, müstəqil dövlətçilik məsələləri, yaddaşa qayıdış məhz həmin dövrdə yaranmış, yaxud səhnəyə qoyulan dram əsərlərinin əsas mövzusu idi. O dövrdə yaranan dramaturgiyada Azərbaycan, Turan, Qafqaz, Türk dünyası mövzularına daha çox müraciət edilirdi. Cəlil Məmmədquluzadənin "Anamın kitabı", Hüseyn Cavidin "İblis", Cəfər Cabbarlının "Ədirnə fəthi", "Trablis müharibəsi, yaxud Ulduz", İsa bəy Aşurbəylinin dövrün siyasi tələbini nəzərə alaraq yazdığı "Azərbay və Can" pyesləri elə Azərbaycan cəmiyyətini bürüyən qütbləşmə, Yaxın Şərqdə, o cümlədən Türkiyədə baş verən azadlıq hərəkatından bəhs edir.
Dağınıqlıqdan birliyə doğru
Azərbaycan peşəkar milli teatrı yarandığı zamandan öz gücünə, öz xoşuna yaşayıb inkişaf etmiş, yalnız fədakar ziyalılardan və xalqını düşünən mesenatlardan qayğı görmüşdü. Bu münasibət Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək davam etdi.
1918-ci il oktyabrın 18-də Cümhuriyyət hökumətinin iclasında xalq maarifi naziri Nəsib bəy Yusifbəylinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsi dinlənilir. Teatr üçün Mayılov qardaşları teatrının binasının (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası, 1911-ci ildə memar N.G.Bayevin rəhbərliyi ilə inşa edilmişdi) alınması barədə qərar qəbul edilir. Qərara əsasən, teatr binası ədalətli qiymətlə dövlətin sərəncamına alınmalı idi. Binanın satınalma qiymətini müəyyənləşdirmək üçün isə xüsusi komissiyanın yaradılması xalq maarifi nazirinə həvalə edilir və bu teatrın indən belə Dövlət teatrı adlandırılması təklif olunur.
İlham Rəhimli "Azərbaycan teatr tarixi" dərsliyində (Bakı, 2005) yazır ki, bu qərardan irəli gələn vəzifələr həll edildiyi müddətdə "Müdiriyyət teatr truppası" və əksər yaradıcı insanlar birləşərək afişa və proqramlarda "Azərbaycan Hökumət Teatrı" adını yazırdılar.
Dövlət teatrının təsisatı isə ləngiyirdi. Teatr Türk Dövlət Teatrı kimi 1919-cu ilin avqust ayında təsis edilir. Qulamrza Şərifzadə (Abbas Mirzə Şərifzadənin qardaşı) direktor, Zülfüqar Hacıbəyli müavin, Məmmədəli Sidqi teatr heyətinin vəkili təyin edilir. Sentyabr-oktyabr aylarında "Azərbaycan" qəzetində teatra aktyorların işə dəvət edildiyi barədə elan verilir. Oktyabrın 22-də isə truppanın heyəti qəzetdə dərc edilir: Aleksandr İvanov, Abbas Mirzə Şərifzadə və Sidqi Ruhulla - rejissor; Əzim Əzimzadə - rəssam; Qəmər Topuriya, Yeva Olenskaya, Aleksandra Olenskaya, Nataliya Lizma, Məxfurə Yermakova, Panfiliya Tanailidi, Leyla xanım - aktrisa; Həsən Səbri Abdullazadə, Məhəmmədtağı Bağırov, Ələkbər Hüseynzadə, Xəlil Hüseynov, Hüseynağa Hacıbababəyov, Ağasadıq Gəraybəyli, Rza Darablı, Bağır Cabbarzadə, Əlislam Dadaşov, Möhsün Sənani, Q.Mahmudov, Mirabdulla Miriyev, Yunis Nərimanov, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Mirpaşa Sadıqov, Hacıbaba Şərifzadə, Abbas Mirzə Şərifzadə - aktyor.
Nəhayət, oktyabrın 24-də rəsmi açılış törəni keçirilir. Bu mədəniyyət hadisəsi dörd gün bayram edilir. Açılışda Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli başda olmaqla bütün hökumət üzvləri iştirak edirlər. Ardıcıl olaraq İsa bəy Aşurbəyovun "Azərbay və Can", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Cəfər Cabbarlının "Bakı müharibəsi", Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə" tamaşaları göstərilir.
İlin sonuna kimi birləşmiş teatrda H.Bədrəddin və M.Rüfətin "Əmir Əbül Üla", M.Hacınskinin "Yezid ibn Müaviyyə", C.Cabbarlının "Trablis müharibəsi, yaxud Ulduz", J.B.Molyerin "Zorən təbib", U.Şekspirin "Otello", İ.Rüstəmbəyovun "Dövlə-tibisəmər", N.Nərimanovun "Şamdan bəy", C.Məmmədquluzadənin "Ölülər" komediya və dramları, Üzeyir və Zülfüqar Hacıbəylilərin musiqili tamaşaları oynanılır.
Qeyd edildiyi kimi, teatr Türk Hökumət Teatrı adlansa da, tam dövlət təsisatında deyildi və mövcud imkanlar teatrın öz işini daha səmərəli qurmasına, teatr xadimlərinin arzuladığı kimi daha yaxşı və sanballı tamaşalar hazırlanmasına yetmirdi.
Hətta Üzeyir Hacıbəyli öz narazılığını 1920-ci ildə "Azərbaycan" qəzetində yazdığı "Zurna" başlıqlı felyetonda bu cür dilə gətirmişdi: "Bakıda dövlət teatr heyəti qurulsun! deməyə fürsət olsaydı, bu iş Azərbaycan dövlətinin xəzinəsinə yarım milyon pula oturardı. Halbuki, indi o pul xəzinəmizin içində sağ və salim durubdur. Bu da ki maddi mənfəət".
Olsun ki, ədəbi və publisistik sözə böyük dəyər verən Cümhuriyyət hökuməti Üzeyir bəyin bu felyetonunda qaldırdığı məsələyə baxaraq, teatrın xeyrinə bir qərar çıxaracaqdı. Sadəcə, buna zaman yetmədi...
Felyeton aprelin 20-də dərc olunmuşdu, səkkiz gündən sonra Cümhuriyyət süqut etdi...
Gülcahan Mirməmməd