Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri - Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı çapdan çıxıb.
Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından və ən fəal xadimlərindən biri, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir. Kitabda görkəmli ictimai-siyasi xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanıb.
Böyük şəxsiyyətin zəngin fəaliyyətini sənədli faktlar və materiallarla təqdim edən kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını Cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin əziz xatirəsinə ithaf olunur.
Nəşrin tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.