Türkiyədə azərbaycanlı professor Aygün Əttarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” əsəri çap olunub.
   Kitabda 1917-ci ildə Rusiyada baş vermiş bolşevik inqilabının Qafqaza, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına təsiri, bolşeviklərin ermənilərdən Azərbaycana qarşı istifadə etməsi, saxta “erməni məsələsi”nin siyasi mahiyyəti, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin bütövlükdə Qafqaz bölgəsi üçün yaratdığı fəsadlar diqqətə çatdırılır. Həmçinin XX əsrin əvvəllərində Anadoluda erməni silahlı dəstələrinin törətdikləri ağır cinayətlər, eləcə də Azərbaycan xalqının məruz qaldığı soyqırımları, deportasiyalar, hazırda ölkəmizə qarşı davam etdirilən işğalçılıq siyasətindən bəhs olunur.
   Əsərdə Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi və Xocalı soyqırımının səbəb və nəticələri müfəssəl olaraq bir-birinə bağlı hadisələr kimi təhlil olunub. Müəllif “Böyük Ermənistan” illüziyasının ortaya çıxardığı “erməniçilik” missiyasının sülhsevər dünya üçün böyük təhlükə olduğunu tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırıb.
   Elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab, həmçinin saxta “erməni məsələsi”nin Türkiyə üçün yaratdığı böyük təhlükələr mövzusunda məqalələrin hazırlanması baxımından, erməni din xadimləri və millətçi dairələrindən qaynaqlanaraq ortaya çıxarılan əsasız iddialara qarşı dəyərli elmi vəsaitdir.