Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə bu ölkənin Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) baxımlı verilişlərindən olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.
Proqramda Belarus Azərbaycan İcmaları Konqresi idarə heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında tamaşaçılara məlumat veriblər. Diqqətə çatdırılıb ki, 2 minə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir.
Verilişdə Azərbaycan kulinariyasının tarixinə və özünəməxsusluğuna görə qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi bildirilib, dolma, plov, piti və digər xörəklərimiz haqqında geniş danışılıb. Eyni zamanda Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb.