“Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”
   
   Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ölkə əhalisinin mütləq əksəriyyətinin mövcud siyasi kursa, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq və islahatların davam etməsinə tam dəstəyini nümayiş etdirdi.
   Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsində ümumilikdə 3 milyon 962 min 123 seçici səs verib. Prezident seçkilərində seçici fəallığı 74,3 faiz olub. Seçicilərin 86 faizi Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyevə səs verib.
   Prezident İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib.
   “Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm. 
   Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”, - deyə dövlət başçısı vurğulayıb.
   Qeyd olunub ki, xalq-iqtidar birliyi, məqsədyönlü siyasət bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib: “Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.
   Prezident bildirib ki, ölkəmiz bundan sonra daha güclü olmalıdır. Güclü olmaq üçün daha güclü iqtisadiyyat qurmalıyıq: “Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Biz ən qabaqcıl texnologiyaları ölkəmizə gətiririk, tətbiq edirik və texnoloji, elmi inkişaf gələcək fəaliyyətimiz üçün də əsas prioritetlərdən biri olacaqdır”.
   Dövlət başçısı müraciətinin sonunda deyib: “Bir sözlə, bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Bizim təşəbbüsümüz və fəal iştirakımızla o layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur. Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq.
   Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”