Dini dəyərlər bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır.   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı zamanı dini icmanın üzvləri ilə görüşündə deyib.
   Prezident diqqətə çatdırıb ki, son vaxtlar bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib: “Dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir”.
   Dövlət başçısı qeyd edib ki, keçən il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olundu, Bakıda İslam Həmrəyliyi Oyunları keçirildi: “Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik. Yəni, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür. Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasətimiz əməli işlərdə özünü göstərir. Bax, bu gözəl memarlıq abidəsi bu gün Hacı Cavad məscidinin icmasına təhvil verilir”.
   Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə 2017-ci il iyulun 2-də başlanılmışdı. Ölkə başçısı məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.
   Məscidin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. İbadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda və zövqlə inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. 
   Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.