Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tərcüməçi, naşir Ağa Həsən Mirzəzadənin topladığı “Milli nəğmələr” kitabı saxlanılır.
MEK-dən bildiriblər ki, 1919-cu ildə Bakıda “İran” elektrik mətbəəsində çap olunan kitabda A.Səhhət, M.Ə.Sabir, M.Hadi və digər ədiblərin şeirləri yer alıb. Onların arasında Azərbaycan himninin istiqlal şairi Əhməd Cavada məxsus mətni də var. Himnin sözləri kitabda “Vətən marşı” və “CAMO bəy” (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib.
Ərəb qrafikalı əlifba ilə yazılmış kitab rəqəmsallaşdırılıb və MEK-in elektron kataloquna salınıb.