Qəbələ Dövlət tarix-bədii qoruğunun yaranmasından 40 il ötür. Qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərinin yerləşdiyi bu ərazidə 1978-ci ildə qoruğun yaradılması ulu öndər Heydər Əliyevin tarixi irsə diqqət və qayğısının daha bir bariz nümunəsi idi.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, ulu öndərin bu sahədə siyasəti də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının mədəni irsimizin inkişafı, qorunub saxlanılması və tanıdılması ilə bağlı sərəncam və tapşırıqlarının icrası Qəbələnin tarixinin öyrənilməsində də özünü müsbət şəkildə göstərir. Son 15 ildə Qəbələ ərazisində gedən arxeoloji tədqiqat işləri, qazıntıların üzərinin konservasiyası, tarixi abidələrin restavrasiyası, qoruq ərazisindən keçən yola asfalt örtük çəkilməsi, Qəbələ Arxeoloji Mərkəzinin açılışı bunun bariz nümunəsidir.
Qoruq işçiləri də mədəni irsimizin qorunub saxlanılması və tanıdılması işinə öz töhfələrini verirlər. Ötən illərdə qoruğa on minlərlə turist gəlib, Azərbaycanın keçmişi ilə maraqlanıb, tarixən əhalinin burada tolerantlıq şəraitində yaşadıqlarını öyrəniblər. Bu gün də qoruğa dünyanın bir çox yerlərindən turistlər gəlir və onlara Qədim Qafqaz Albaniyası haqqında geniş məlumat verilir.
Həmçinin respublikamızın regionlarından çoxlu sayda turist, məktəbli və tələbələr buraya gəlir, ərazi ilə tanış olurlar. Bu yaxınlarda “Ölkəmizi tanıyaq” turunun iştirakçıları Qəbələ Tarix-bədii qoruğunu ziyarət ediblər.